Tez arıqlamaq istəyənlərin nəzərinə - ölümlə nəticələnə bilər
Son dövrlərdə artıq çəkidən xilas olmaq və daha sürətli nəticə əldə etmək istəyən insanların müxtəlif pəhrizlərə, arıqlama proqramlarına və fərqli vasitələrə müraciət etdiyi müşahidə olunur. Lakin çəki atma prosesinə başlamazdan əvvəl insanın sağlamlıq vəziyyətinin nəzərə alınması və çəki artımının səbəblərinin müəyyənləşdirilməsi vacibdir. Eyni qidalanma proqramı hər insanda eyni nəticəni verməyə bilər. Buna görə də arıqlama prosesi fərdi yanaşma əsasında və mütəxəssis nəzarəti ilə həyata keçirilməlidir.
Mövzu ilə bağlı dietoloq Ləman Süleymanova Crossmedia.az-a açıqlamasında bildirib ki, 2011-ci ildən Azərbaycanda diyetologiyanın inkişafı istiqamətində fəaliyyət göstərir və son illərdə sosial şəbəkələrdə bu sahə ilə bağlı müxtəlif saxta profillərin yaradıldığını müşahidə edir:
“Ümumiyyətlə, 2011-ci ildən Azərbaycanda diyetologiyanın inkişafı istiqamətində fəaliyyət göstərirəm. 2013-2015-ci illərdən etibarən isə sosial şəbəkələrdə diyetologiya sahəsində biznes qurmaq istəyən bəzi şirkətlər tərəfindən yalançı profillərin yaradıldığını müşahidə etmişəm.
Bəzi dərman şirkətləri, o cümlədən xaricdən gətirilən arıqlama preparatlarının satışını həyata keçirənlər, tibbi savadı olmayan insanları cəlb edərək sosial şəbəkələrdə müxtəlif profillər yaratdırırlar. Həmin şəxslər özlərini “diyetoloq-həkim” kimi təqdim edir, insanları cəlb edir və arıqlama preparatlarının satışını həyata keçirirlər. Bəzən hətta müxtəlif şirkətlər yaradılır, insan qəbulu təşkil olunur və arıqlama kokteylləri satılır. Digər tərəfdən, tibbi və diyetologiya üzrə təhsili olmayan şəxslər sosial şəbəkələrdə “diyet marafonları” təşkil edirlər. Çox ucuz qiymətlərə, məsələn, 5-10 manat qarşılığında insanları bu marafonlara cəlb edir, daha sonra isə müxtəlif arıqlama preparatlarının, çayların və digər məhsulların satışını həyata keçirirlər. Bəzən bu məhsulların mənşəyi və sertifikasiyası ilə bağlı da suallar yaranır.
Təəssüf ki, bəzi hallarda endokrinoloqların da arıqlama iynələrini tövsiyə və ya reklam etdiyini müşahidə edirik. Məsələn, 950-1000 manat civarında satılan bir arıqlama iynəsindən həkimə müəyyən məbləğdə gəlir çatması insanlarda belə sual yaradır: maddi maraq insanların sağlamlığından üstün tutulmamalıdır. Pasiyentlərim arasında belə preparatlardan istifadə etdikdən sonra ciddi sağlamlıq problemləri yaşadığını bildirən şəxslər olub. Onların bir qismi “həkim məsləhət görüb, mən də inandım” deyir”.
Dietoloq qeyd edib ki, insanların həkimə olan inamından sui-istifadə etmək düzgün deyil:
“Əsas məsələ insanları maarifləndirməkdir. İnsan məlumatlandıqca 20 günə 15 kiloqram arıqlamaq kimi vədlərin real olmadığını daha yaxşı anlayır və bu cür yalançı marafonlara, preparatlara və müxtəlif vasitələrə daha ehtiyatla yanaşır.
Bəzən insanın öz çəkisi ilə bağlı narahatlığı da kənardan deyilən sözlərlə artır. Məsələn, “nə qədər kökəlmisən” kimi ifadələr insanda tez bir zamanda arıqlamaq istəyi yarada bilər. Bu zaman bəzi insanlar asan və sürətli nəticə vəd edən vasitələrə üz tuturlar.
Halbuki sağlam şəkildə arıqlamaq üçün insanın qidalanması balanslı olmalıdır. Menyuda zülal, yağ, karbohidrat, vitamin və minerallar nəzərə alınmalıdır. Əsas məqsəd piy kütləsinin sağlam şəkildə azalmasıdır. Mənim yanaşmam bundan ibarətdir ki, pasiyent əvvəlcə müayinə olunur, kökəlmənin səbəbləri araşdırılır və bundan sonra fərdi qidalanma planı müəyyənləşdirilir. Məsələn, 75 kiloqramdan 53 kiloqrama qədər çəki itirən pasiyent daha da arıqlamaq istədikdə, bunun orqanizm üçün zəruri olub-olmadığını izah etmək lazımdır.
Sürətli və düzgün olmayan arıqlama zamanı insan təkcə piy kütləsini deyil, orqanizm üçün vacib olan maddələri və əzələ kütləsini də itirə bilər. Bu isə müxtəlif sağlamlıq problemlərinə və sonradan çəkinin yenidən artmasına səbəb ola bilər.
Ona görə də yalançı və sürətli arıqlama vədlərinə inanmaq düzgün deyil. Arıqlamaq istəyən insanlar mütəxəssisə müraciət etməli, əvvəlcə çəki artımının səbəbini müəyyənləşdirməli və sağlam qidalanma prinsiplərinə uyğun şəkildə arıqlamalıdırlar”.
Terapevt Etibar Süleymanov isə açıqlamasında bildirib ki, çəki atmaqdan əvvəl dietoloq-həkimin nəzarəti ilə lazımi yoxlamalardan keçmək və bundan sonra arıqlama prosesinə başlamaq lazımdır:
“Çəki atmaq istəyən insanlar dietoloq-həkimin nəzarəti ilə əvvəlcə lazımi yoxlamalardan keçməlidirlər. Bundan sonra insanın sağlamlıq vəziyyətinə uyğun şəkildə çəki atma prosesinə başlamaq lazımdır. Özbaşına və nəzarətsiz şəkildə arıqlamağa çalışmaq düzgün deyil”.
Nuray Mehtiyeva
20:00 30.09.2026
Oxunuş sayı: 40