Hikmət Babaoğlu: 3 Oktyabr Azərbaycanın yeni dövlətçilik erasının başlanğıcı idi
3 oktyabr Azərbaycan Respublikasının müasir siyasi tarixində mühüm hadisə ilə bağlı olan tarixlərdəndir. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Həmin dövr ölkədə mürəkkəb ictimai-siyasi vəziyyətin hökm sürdüyü mərhələyə təsadüf edib və prezident seçkilərinin keçirilməsi barədə qərar 1993-cü il sentyabrın 1-də qəbul olunub. 3 oktyabr hadisəsi sonrakı dövrdə Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələlərdən biri kimi qeyd olunur.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 3 Oktyabr 1993-cü il tarixinin Azərbaycanın müstəqillik dövrü tarixində legitim hakimiyyətin formalaşması baxımından mühüm mərhələ olduğunu bildirib.
Deputat qeyd edib ki, həmin tarix yalnız hakimiyyətin formalaşması ilə məhdudlaşmayıb, eyni zamanda dövlət institutlarının və idarəetmə strukturunun yenidən qurulması prosesinin başlanğıcını qoyub: “3 Oktyabr 1993-cü il Azərbaycan müstəqilliyi dövrü tarixində ilk dəfə legitim hakimiyyətin formalaşması tarixidir. Məhz həmin gün Azərbaycanın qurucu lideri, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev 98,8 faiz səslə Azərbaycan xalqının siyasi iradəsini hakimiyyətdə təmsil etmək hüququ əldə etdi və müstəqil Azərbaycanın ilk legitim hakimiyyəti formalaşdı”.
Hikmət Babaoğlu həmin dövrdə ölkənin üzləşdiyi siyasi, hərbi və sosial-iqtisadi problemlərə də diqqət çəkib: “Amma bu, sadəcə hakimiyyətin formalaşması məsələsi deyildi. Çünki hakimiyyətin idarə edəcəyi dövlət institutları və dövlət strukturları da iflic vəziyyətində idi. Azərbaycan müharibə vəziyyətindəydi. Torpaqların işğal edilməsi davam edirdi. Dövlət orqanları ilə bərabər Azərbaycan Ordusu da funksionallığını itirmişdi. Sosial-iqtisadi sahədə də böyük böhran hökm sürürdü”.
Deputatın sözlərinə görə, 3 Oktyabr bütün bu problemlərin həllinə başlanılan mərhələ kimi qiymətləndirilməlidir: “Buna görə 3 Oktyabr tarixi, əlbəttə ki, bütün bu problemlərin həll edilməsinin başlanğıcı oldu. Buna paralel olaraq Azərbaycanın yeni siyasi sistemi inşa edildi”.
Hikmət Babaoğlu 3 Oktyabr tarixini yeni dövlətçilik mərhələsinin başlanğıcı kimi xarakterizə edib: “Bu, öz-özlüyündə gələcəkdə Azərbaycanı qüdrətli edəcək yeni dövlətçilik erasının başlanğıcı idi, yeni siyasi mədəniyyət tarixinin başlanğıcı idi. İllər sonra biz şahidi olduq ki, doğrudan da təməllər doğru atıldığı üçün strateji məqsədlərimizə də çatdıq, ərazi bütövlüyümüzü və müstəqilliyimizi, suverenliyimizi bərpa etdik”.
Deputat bu tarixin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb: “Buna görə də bu tarix həmişə öyrənilməli və bu tarixin yaratdığı siyasi və dövlətçilik irsi gənc nəslə də öyrədilməlidir”.
Nigar Xəlilli
17:15 30.09.2026
Oxunuş sayı: 40