Boşanmaq hüquqi və qanuni baxımdan bu qədər əlçatan olmamalıdır - Sosioloq
Ailə dəyərlərinin qorunması məsələsi Milli Məclisin bugünkü plenar iclasında da müzakirə olunub. İclas zamanı Azərbaycanda ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanması təklif edilib. Səsləndirilən təklifdə ailə dəyərlərinin qorunması üçün hüquqi bazanın gücləndirilməsinə və bu istiqamətdə əlavə qərarların qəbuluna ehtiyac olduğu bildirilib.
Milli Məclisdəki müzakirə fonunda ailə institutunun qorunması, boşanmaların qarşısının alınması və milli-mənəvi dəyərlərin ailələrdə daha geniş təbliği məsələləri yenidən gündəmə gəlib. Bəs ailə dəyərlərinin qorunması ilə bağlı yeni qanun hazırlanarsa, hansı hüquqi və ictimai mexanizmləri əhatə etməlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, yeni qanun ilk növbədə boşanmaların qarşısını almaq üçün ciddi hüquqi mexanizm yaratmalıdır:
"Ailə dəyərlərinin qorunması ilə bağlı yeni qanun hazırlansa, bu, ilk növbədə boşanmaların qarşısını almaq üçün ciddi hüquqi mexanizm yaratmalıdır. Azərbaycanda boşanmalar hüquqi baxımdan çox asan və əlçatandır. Bu qədər asan və əlçatan olmamalıdır. Sanki Azərbaycanda mövcud hüquqi qanunlar və mexanizmlər ailələrdə qadınlara və ya kişilərə boşanmaq üçün şərait yaradır. Belə bir təəssürat var. Bu, olmamalıdır. Boşanmaq hüquqi və qanuni baxımdan bu qədər əlçatan olmamalıdır".
Sosioloq qeyd edib ki, ikinci məsələ isə ailələrdə milli-mənəvi dəyərlərin təbliği üçün ciddi hüquqi mexanizmin yaradılmasıdır: “Məsələn, məktəblərdə və universitetlərdə “Ailə” dərslərinin keçirilməsi, televiziyalarda və radiolarda ailənin qorunması ilə bağlı xüsusi proqramların hazırlanması və dövlətə təkliflərin verilməsi — bunların hamısı, əlbəttə ki, şəxsi seçimin fonunda ailələrin qorunması üçün dövlətin həyata keçirə biləcəyi ciddi tədbirlər ola bilər. Bunun təsiri də mütləq olacaq. Buna 100 faiz əminəm. Sadəcə, addım atmaq lazımdır”.
Zeynəb Həsən
15:30 30.09.2026
Oxunuş sayı: 46