Astronomlar kainatın ən parlaq obyektini aşkarlayıblar
Astronomlar Yerdən təxminən 12 milyard işıq ili uzaqlıqda kainatda indiyədək müşahidə edilən ən parlaq obyekti müəyyən ediblər.
Crossmedia.az xəbər verir ki, “Very Large Telescope”un məlumatlarına əsasən bu barədə araşdırma yayımlanıb.
J0529-4351 adı verilən obyekt kvazardır və Günəşdən təxminən 500 trilyon dəfə daha parlaq işıq saçır. Obyektin mərkəzində indiyədək qeydə alınmış ən sürətlə böyüyən qara dəliklərdən biri yerləşir və onun hər gün Günəşin kütləsinə bərabər maddəni udduğu bildirilir.
J0529-4351 əvvəlcə Yerə daha yaxın yerləşən ulduz kimi qəbul edilib. Sonrakı müşahidələr obyektin əslində təxminən 12 milyard işıq ili məsafədə olduğunu göstərib və onun qeyri-adi parlaqlığını ortaya çıxarıb.
Alimlərin fikrincə, bu cür kvazarlar Böyük Partlayışdan sonrakı dövrdə superkütləli qara dəliklərin necə formalaşması ilə bağlı mövcud nəzəriyyələr üçün mühüm suallar yaradır.
Tədqiqatçılar hesab edirlər ki, J0529-4351-in öyrənilməsi kainatın ilk mərhələlərində nəhəng qara dəliklərin yaranma mexanizmini və onların necə bu qədər sürətlə böyüdüyünü anlamağa kömək edə bilər.
06:15 27.09.2026
Oxunuş sayı: 38