BMT: Qəzzanın bərpası üçün 71,5 milyard dollar tələb olunur
Qəzza zolağında iqtisadiyyatın bərpası və yenidənqurma işləri üçün tələb olunan vəsait 71,5 milyard dollara çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Qəzza və Fələstin iqtisadiyyatının vəziyyətinə dair hesabatında bildirilib. UNCTAD 24 sentyabr 2026-cı il tarixli məlumatında Qəzzanın yenidən qurulması ehtiyaclarının 71,5 milyard dollara çatdığını açıqlayıb.
Hesabata görə, Qəzzanın iqtisadiyyatı real adambaşına düşən ÜDM-in azalmasının miqyası və bərpanın gözlənilən müddəti baxımından qeydə alınmış ən ağır iqtisadi böhranlardan birini yaşayır. UNCTAD daha əvvəl də Qəzzadakı vəziyyəti qeydə alınmış ən ağır iqtisadi böhran kimi qiymətləndirmişdi.
2025-ci ildə Qəzzada illik real adambaşına düşən ÜDM cəmi 212 dollar, yəni gündə təxminən 58 sent təşkil edib. Bu göstərici 2022-ci ildəki səviyyənin təxminən 17 faizinə bərabərdir.
UNCTAD-ın hesablamalarına əsasən, 2023-cü ilin oktyabrından sonra davam edən İsrail hərbi əməliyyatları fonunda Qəzzadakı iqtisadi müəssisələrin 92 faizi zərər görüb və ya dağıdılıb, nəticədə istehsal fəaliyyəti demək olar ki, bütün sahələrdə dayanma həddinə çatıb.
Məlumata görə, kənd təsərrüfatı və sənaye istehsalı 2022-ci illə müqayisədə hər biri təxminən 94 faiz, tikinti sektorunda istehsal isə 99 faiz azalıb.
Əmək bazarında da kəskin geriləmə qeydə alınıb. Hesabata görə, 2025-ci ildə Qəzzada cəmi 123,3 min nəfər işləyib və əmək qabiliyyətli əhalinin 90 faizdən çoxu işsiz qalıb.
Qiymətlər isə 2025-ci ildə 2022-ci illə müqayisədə 274 faiz yüksək olub. Ərzaq qiymətlərində xüsusilə böyük artım qeydə alınıb. Məsələn, kartofun qiymətinin münaqişədən əvvəlki səviyyədən 20 dəfədən çox baha olduğu bildirilir.
Fiziki infrastruktura dəyən zərər 35,2 milyard dollar, iqtisadi və sosial itkilər isə 22,7 milyard dollar həcmində qiymətləndirilib.
UNCTAD hesab edir ki, Qəzzanın bərpası və yenidən qurulması üçün tələb olunan ümumi vəsait 2026-cı ilin əvvəlinə 71,5 milyard dollara çatıb və davamlı atəşkəs əldə olunmayacağı təqdirdə bu rəqəm arta bilər.
Hesabatda həmçinin Qəzzanın Fələstin iqtisadiyyatındakı payının 2025-ci ildə 4 faizdən aşağı düşdüyü, adambaşına düşən ÜDM-in isə İordan çayının qərb sahilindəki göstəricinin təxminən 5 faizinə bərabər olduğu qeyd olunur.
17:46 24.09.2026
Oxunuş sayı: 45