Tramp hakimin qərarını heçə saydı - Media Ağ evə buraxılmır
ABŞ-da federal hakimin CNN, Politico və MS NOW jurnalistlərinin Ağ Evə girişinin dərhal bərpa olunması barədə qərarından bir neçə saat sonra Politico və MS NOW əməkdaşlarının Ağ Ev ərazisinə daxil olmasına yenə icazə verilməyib.
Crossmedia.az xəbər verir ki, məsələ ABŞ Prezidenti Donald Trampın sentyabrın 18-də CNN, Politico və MS NOW jurnalistlərinin Ağ Evə girişini qadağan etməsindən sonra məhkəməyə çıxarılıb. Federal hakim Tim Kelli bu qadağanı müvəqqəti dayandıraraq onun ABŞ Konstitusiyasına zidd ola biləcəyi qənaətinə gəlib və jurnalistlərin giriş hüququnun bərpa edilməsini tələb edib.
Politico bildirib ki, jurnalisti Ağ Evə buraxılmayıb və onun akkreditasiya sənədi də əlindən alınıb. MS NOW da əməkdaşının Ağ Evə girişinə icazə verilmədiyini açıqlayıb. CNN jurnalistlərinin həmin vaxt Ağ Ev ərazisinə daxil olub-olmadığı isə dərhal məlum olmayıb.
Məhkəmə qərarı Tramp administrasiyasının media qurumlarına tətbiq etdiyi qadağanı 14 gün müddətinə dayandırır. Hakim qərarında qadağanın konstitusiyaya uyğunluğu ilə bağlı ciddi şübhələrin olduğunu bildirib.
CNN, Politico və MS NOW daha əvvəl Ağ Evə girişlərinin məhdudlaşdırılmasının söz və mətbuat azadlığı ilə bağlı hüquqlarını pozduğunu bildirərək məhkəməyə müraciət etmişdilər. Tramp isə bu media qurumlarını administrasiyası haqqında yanlış məlumat yaymaqda ittiham etmişdi.
16:59 24.09.2026
Oxunuş sayı: 36