8 dənizçi intihara cəhd etdi
ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunun uzunmüddətli missiyası zamanı ümumilikdə 8 hərbi qulluqçunun intihara cəhd etdiyi açıqlanıb. Hadisələr nəticəsində ölüm qeydə alınmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri katibi vəzifəsini icra edən Hung Cao Nyu-York senatoru Kirsten Gillibrandın hərbçilərin rifahı və psixoloji vəziyyəti ilə bağlı suallarına cavab məktubunda bildirib.
Cao qeyd edib ki, həmin 8 hadisə yalnız “USS Abraham Lincoln” gəmisinin heyətini deyil, aviadaşıyıcının hava qanadını, zərbə qrupunun və esmines eskadrasının şəxsi heyətini, müşayiət edən esminesləri və digər aviasiya bölmələrini də əhatə edir.
Məlumata görə, zərbə qrupu 2025-ci ilin noyabrından etibarən uzunmüddətli missiyada olub və bu müddətdə Yaxın Şərqdə, o cümlədən İranla bağlı döyüş əməliyyatlarında iştirak edib. Uzadılmış xidmət müddəti fonunda hərbçilərin psixoloji vəziyyəti və gəmidəki yaşayış şəraiti ilə bağlı onların ailələri və bəzi qanunvericilər tərəfindən narahatlıqlar səsləndirilmişdi.
Cao bildirib ki, gəmidə hərbçilərin mənəvi və psixoloji ehtiyaclarını qarşılamaq üçün beş kapellan və bir neçə psixi sağlamlıq mütəxəssisi fəaliyyət göstərib. ABŞ Hərbi Dəniz Qüvvələri daha əvvəl aviadaşıyıcıda genişmiqyaslı psixoloji böhranın olması ilə bağlı iddiaları qəbul etməmişdi.
Məktubda gəmidə ciddi ərzaq və məişət böhranının olduğu barədə iddialar da rədd edilib. Bununla yanaşı, bəzi lokal boru nasazlıqları, suyun duzsuzlaşdırılması sistemində problemlər və müəyyən müddət ərzində yemək seçimlərinin azalması təsdiqlənib.
“USS Abraham Lincoln” zərbə qrupu uzun missiyadan sonra ABŞ-a qayıdır.
16:36 24.09.2026
Oxunuş sayı: 35