İran Hörmüz boğazı ilə bağlı sərt mesaj verdi
İran rəhbərliyinin hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi ABŞ və İsraillə yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə münaqişə coğrafiyasının daha da genişlənə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Səfəvi İran mətbuatına açıqlamasında mümkün yeni müharibə və Hörmüz boğazındakı vəziyyət barədə danışıb.
O bildirib ki, Tehran ABŞ və İsrailin yenidən hərbi əməliyyatlara başlayıb-başlamayacağı barədə konkret məlumata malik deyil, lakin İran Silahlı Qüvvələri “ən pis ssenarilərə” uyğun hazırlıq görür.
Səfəvinin sözlərinə görə, İranın strateji mərkəzləri və maraqları yenidən hədəfə alınarsa, mümkün qarşıdurmanın coğrafiyası əvvəlkindən daha geniş ola bilər.
“Əgər amerikalılar və israillilər milli mərkəzlərimizə və maraqlarımıza yenidən hücum etsələr, bu dəfə müharibə cəbhəsi daha geniş olacaq”, – deyə o bildirib.
İranlı general qeyd edib ki, mümkün yeni qarşıdurma Fars körfəzi və Hörmüz boğazından başlayaraq Qırmızı dənizə, hətta Hind okeanı istiqamətinə qədər genişlənə bilər.
Səfəvi həmçinin Hörmüz boğazı ilə bağlı bildirib ki, İran bu strateji su yolunda nəzarəti gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, Tehran və Oman arasında Hörmüz boğazı ilə bağlı müəyyən razılaşma əldə olunsa da, razılaşdırılmış mexanizm ABŞ-ın maneələri səbəbindən həyata keçirilməyib. Bu, İran tərəfinin mövqeyi kimi təqdim olunur.
16:33 24.09.2026
Oxunuş sayı: 36