Əfsanəvi qatar yenidən İstanbul yolunda
Avropanın məşhur qatarlarından “Venice Simplon Orient Express” sentyabrın 30-da Türkiyəyə daxil olaraq İstanbula çatacaq.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, Böyük Britaniyada yerləşən “Belmond” şirkətinin idarə etdiyi qatar Paris–İstanbul–Paris marşrutu üzrə ilin ikinci səfərini həyata keçirəcək.
Fransadan yola düşən qatar Almaniya, Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstandan keçərək sentyabrın 30-da Türkiyəyə daxil olacaq. Qatar həmin gün saat 17:40-da Bakırköy vağzalına çatacaq.
Sərnişinlər Bakırköydə düşdükdən sonra qatar saat 19:10-da boş şəkildə Halkalı vağzalına yola salınacaq və burada iki gecə qalacaq.
Zəruri texniki və əməliyyat işləri başa çatdıqdan sonra qatar yeni sərnişinləri götürmək üçün yenidən Bakırköy vağzalına göndəriləcək. “Venice Simplon Orient Express” oktyabrın 2-də saat 12:00-da Bakırköydən hərəkət edəcək və həmin gün saat 22:05-də Kapıkule sərhəd-keçid məntəqəsindən Türkiyəni tərk edəcək.
Uraloğlu bildirib ki, ilin ilk “Orient Express” səfəri çərçivəsində qatar mayın 30-da Türkiyəyə daxil olub, iyunun 1-də isə ölkədən ayrılıb.
Nazir Avropadan İstanbula təşkil edilən digər xüsusi qatar səfərləri barədə də məlumat verib. Macarıstanda yerləşən “MAV Passenger Transport Co.” şirkəti Venesiya, Paris və Romadan İstanbula xüsusi sərnişin qatar turları təşkil edir.
2026-cı il üçün ümumilikdə altı Macarıstan xüsusi qatar səfərinin keçirilməsi planlaşdırılıb. Venesiyadan yola düşən ilin üçüncü xüsusi qatarı sentyabrın 23-də İstanbula çatıb.
İlk səfər 16–18 may tarixlərində Venesiya–İstanbul, ikinci səfər isə 29–30 may tarixlərində Paris–İstanbul marşrutu üzrə həyata keçirilib.
Oktyabrda da xüsusi qatar səfərləri davam edəcək. Parisdən İstanbula 10–12 oktyabr və 24–25 oktyabr tarixlərində iki ayrı səfər, Romadan İstanbula isə 26–31 oktyabr tarixlərində bir səfər həyata keçiriləcək.
14:14 24.09.2026
Oxunuş sayı: 38