Bu həftə əqrəb bürclərini nə gözləyir?
23 sentyabr tarixindən etibarən payız mövsümü başlayıb və Günəş Tərəzi bürcünə keçib. Qarşıdakı dövrdə Venera və Merkurinin retro hərəkətləri astroloji gündəmdə əsas mövzulardan biri olacaq. Venera retrosunun 2 oktyabr–15 noyabr tarixlərində Əqrəb bürcündə baş verəcəyi, bu prosesin maliyyə və münasibətlər mövzuları ilə əlaqələndirildiyi bildirilir. Eyni dövrdə Merkurinin də retro hərəkətə keçməsi səbəbindən oktyabr və noyabr ayları astroloji baxımdan diqqətçəkən dövr hesab olunur.
Mövzu ilə bağlı astroloq Aytən Salami Crossmedia.az-a açıqlamasında bildirib ki, qarşıdakı payız aylarında xüsusilə bəzi bürclər üçün əlverişli, oktyabr və noyabr aylarında isə daha diqqətli olmağı tələb edən dövr gözlənilir:

“Payız ayının ümumiləşdirilmiş proqnozunu verəcəyəm. Bu gün, 23 sentyabr gecə saat 3-dən etibarən Günəş Tərəzi bürcünün 0 dərəcəsinə keçid edib. Bununla da payız mövsümü başlayıb.
Günəş Tərəzi bürcündə olduğu üçün qarşıdakı dövr xüsusilə Tərəzi, Dolça və Əkizlər, eyni zamanda Qoç, Oxatan və Şir bürcləri üçün uğurlu dövr hesab olunur. Xüsusilə Tərəzilər üçün bu, kifayət qədər əlverişli bir mərhələdir. Lakin burada çox önəmli bir məqam var. Oktyabrın 2-dən etibarən Əqrəb bürcündə Venera retrosu başlayacaq. Venera retrosu təxminən 18 aydan bir baş verir. Bu səbəbdən 2 oktyabr–15 noyabr tarixləri arasında xüsusilə diqqətli olmaq lazımdır. Venera retrosu estetika, gözəllik, maliyyə, pul və münasibətlər mövzuları ilə əlaqələndirilir. Bundan əlavə, həmin dövrdə Merkuri də Əqrəb bürcündə retro hərəkətə keçəcək. Beləliklə, təxminən bir ay yarım ərzində iki önəmli planetin retro hərəkəti müşahidə olunacaq. Bu retroların maliyyə məsələlərində və münasibətlərdə müəyyən gərginliklərə, böhranlara səbəb ola biləcəyi düşünülür. Doğum xəritəsində Əqrəb bürcünün hansı evə düşməsindən asılı olaraq, həmin evin əhatə etdiyi mövzularda müəyyən çətinliklər və dəyişikliklər gündəmə gələ bilər”.
Astroloq qeyd edib ki, xüsusilə Əqrəb və Buğa bürclərinin bu dövrdə daha diqqətli olması tövsiyə olunur:
“Eyni zamanda hər kəs doğum xəritəsində Əqrəb bürcünün hansı evdə yerləşdiyinə baxaraq qarşıdakı dövrdə hansı sahələrə daha çox diqqət yetirməli olduğunu müəyyənləşdirə bilər.
Ümumilikdə isə oktyabr və noyabr ayları 2026-cı ilin ən kritik dövrlərindən biri kimi qiymətləndirilir. Bu müddətdə maliyyə məsələləri və münasibətlərdə gərginlik, dəyişiklik, bitiş və ayrılıqların gündəmə gəlməsi ehtimalı daha yüksək ola bilər.”
Nuray Mehtiyeva
18:14 23.09.2026
Oxunuş sayı: 40