ŞƏT Parlament Assambleyası yarana bilər
İran Prezidenti Məsud Pezeşkianın Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı təşəbbüsü təşkilatın gələcək institusional inkişafı baxımından diqqət çəkən təkliflərdən biri hesab oluna bilər. Belə bir strukturun yaradılması ŞƏT çərçivəsində parlamentlərarası əməkdaşlığın genişlənməsinə, üzv dövlətlər arasında siyasi dialoqun inkişafına və müxtəlif sahələr üzrə əlaqələrin güclənməsinə əlavə imkan yarada bilər.
Lakin ŞƏT-də təmsil olunan dövlətlərin geosiyasi maraqlarının fərqli olması, bəzi üzvlər arasındakı mövcud fikir ayrılıqları və təşkilatda qərarların konsensus prinsipi ilə qəbul edilməsi belə bir institutun yaradılmasını və onun səlahiyyətlərinin müəyyənləşdirilməsini mürəkkəbləşdirən amillərdən ola bilər. Bu baxımdan mümkün Parlament Assambleyasının gələcəkdə hansı səlahiyyətlərə malik olacağı əsas müzakirə mövzularından biri kimi qiymətləndirilir.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Pezeşkianın Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının yaradılması təşəbbüsü, ilk növbədə, ŞƏT-in institusional imkanlarının genişləndirilməsi baxımından maraqlı təklifdir:
“Belə bir strukturun yaradılması prinsip etibarilə realdır, lakin bunun qısa müddətdə tamhüquqlu və güclü siyasi parlament qurumuna çevrilməsi o qədər də asan olmayacaq. ŞƏT artıq Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiyanın bir sıra dövlətlərini birləşdirən kifayət qədər böyük və geosiyasi çəkisi olan platformadır. Belə bir təşkilat daxilində parlamentlərarası əlaqələrin institusional xarakter alması məntiqli görünür. Parlament diplomatiyası dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, qanunvericilik təcrübəsinin bölüşdürülməsi, iqtisadi, humanitar və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün əlavə imkanlar yarada bilər. Lakin burada əsas məsələ ŞƏT-ə üzv dövlətlərin öz aralarındakı ciddi geosiyasi fikir ayrılıqlarıdır. Xüsusilə Çin-Hindistan və Hindistan-Pakistan münasibətlərindəki problemlər belə bir assambleyanın fəaliyyətinə təsir göstərə bilər. ŞƏT-də qərarların konsensus prinsipi ilə qəbul edilməsi də yeni institutun yaradılmasını müəyyən qədər çətinləşdirir. Çin və Rusiyanın belə bir təşəbbüsə prinsipial etiraz edəcəyi ehtimalını yüksək qiymətləndirməzdim. Əksinə, hər iki ölkə ŞƏT-in institusional imkanlarının genişlənməsində maraqlı ola bilər. Amma Moskva və Pekin üçün əsas məsələ assambleyanın hansı səlahiyyətlərə malik olmasıdır. Əgər söhbət parlament sədrlərinin və deputatların görüşləri, qanunvericilik təcrübəsinin mübadiləsi və məşvərətçi mexanizmdən gedirsə, razılaşma daha asan əldə oluna bilər. Əgər assambleyaya ŞƏT ölkələri üçün müəyyən siyasi qərarlar qəbul edən ayrıca hakimiyyət institutu statusu verilməsi nəzərdə tutulursa, vəziyyət xeyli mürəkkəbləşəcək. Hindistanın mövqeyi isə xüsusilə əhəmiyyətlidir. Yeni Dehli ŞƏT-də iştirakını davam etdirir, lakin təşkilatın Çin və Rusiya dominantlığında Qərbə qarşı siyasi bloka çevrilməsinə ehtiyatla yanaşır. Buna görə Hindistanın belə bir təşəbbüsü dəstəkləməsi mümkündür, amma bunun üçün Parlament Assambleyasının əsasən parlamentlərarası dialoq və əməkdaşlıq platforması kimi qalması vacib olacaq. İranın bu təşəbbüsdə öz xüsusi marağı da var. Tehran Şərq dövlətləri ilə siyasi və institusional əlaqələri genişləndirməyə çalışır. Parlament diplomatiyasının gücləndirilməsi İran üçün Çin, Rusiya, Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə əlavə kommunikasiya kanalı deməkdir. Bu baxımdan təşəbbüsün arxasında yalnız parlamentlərarası əməkdaşlıq deyil, həm də İranın Şərqə inteqrasiya strategiyası dayanır”.
Zeynəb Həsən
16:10 02.09.2026
Oxunuş sayı: 53