Hörmüzə alternativ yol Xəzər dənizi olacaq - Anons verildi
Cənub ticarət marşrutlarında yaranan fasilələr və Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik İranı alternativ nəqliyyat istiqamətlərinə yönəldir. Tehran bu şəraitdə Xəzər dənizi vasitəsilə Rusiya, Azərbaycan və digər Avrasiya ölkələri ilə ticarət və tranzit imkanlarını genişləndirməyi nəzərdən keçirir. İranın şimal marşrutlarına marağının artması ölkənin xarici ticarətdə cənub yollarından asılılığını azaltmaq və nəqliyyat təhlükəsizliyini diversifikasiya etmək məqsədi daşıyır.
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, İranın Xəzər limanlarından və şimal nəqliyyat xətlərindən istifadəsi artır, eyni zamanda İran-Rusiya ticarəti və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə yükdaşımalar genişlənir: “Tehran üçün əsas məqsəd bir deyil, bir neçə alternativ marşrut formalaşdırmaqdır. Rəşt-Astara dəmir yolunun inkişaf etdirilməsi də bu strategiyanın mühüm elementlərindən biridir. Xəzər İranı Rusiya ilə birbaşa dəniz və multimodal nəqliyyat əlaqəsinə bağlayır. Bu baxımdan İranın Xəzər siyasəti iqtisadi əhəmiyyət daşımaqla yanaşı, Rusiya ilə strateji yaxınlaşmanın logistika bazasını da möhkəmləndirir”.

Ekspertin sözlərinə görə, bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır: "İranın şimal istiqamətində əsas quru bağlantılarından biri Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizidir və Astara istiqamətində yük dövriyyəsinin artması marşrutun əhəmiyyətinin yüksəldiyini göstərir. Xəzərin əhəmiyyətinin artması Mərkəzi Asiya ölkələrini də prosesə daha fəal cəlb edə bilər. Qazaxıstan və Türkmənistan üzərindən formalaşan marşrutlar İranın Mərkəzi Asiya ilə əlaqələrini genişləndirə bilər. Xəzər artıq nəqliyyat, logistika, enerji, hərbi təhlükəsizlik və geosiyasi rəqabətin kəsişdiyi strateji məkana çevrilir. Bu prosesdə Azərbaycan xüsusi mövqeyə malikdir. Ölkə həm Xəzərin qərb sahilində yerləşir, həm Şimal-Cənub dəhlizinin əsas həlqələrindən biridir, həm də Şərq-Qərb marşrutunun mühüm qovşağını təşkil edir”.
Nigar Xəlilli
17:00 29.08.2026
Oxunuş sayı: 59