Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib.
Crossmedia.az xəbər verir ki, vebinarlar müvafiq olaraq çempionatda iştirak edəcək idmançılar və onların köməkçi heyəti üçün nəzərdə tutulub.
Maarifləndirmə tədbirlərinin məqsədi iştirakçıların antidopinq qaydaları üzrə biliklərini artırmaq, hüquq və öhdəliklərini izah etmək, mümkün antidopinq risklərinin qarşısının alınmasına dəstək göstərmək olub.
Vebinarlarda antidopinq qayda pozuntuları və onların nəticələri, dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, dərman və qida əlavələrinin istifadəsi ilə bağlı risklər, terapevtik istifadə üçün istisnalar, eləcə də mümkün dopinq halları barədə məlumat təqdim edilib.
Hər iki vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular üzrə əlavə izahlar verilib.
Vebinarlar idmançıların və onların köməkçi heyətinin dünya çempionatına daha məlumatlı hazırlaşmasına, idmançı sağlamlığının qorunmasına və təmiz idman prinsiplərinin təşviqinə xidmət edib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı oktyabrın 17–18-də keçiriləcək.
13:13 14.10.2026
Oxunuş sayı: 52