Zəfər Bayramı: Türkiyənin taleyini dəyişən tarixi qələbə
30 Avqust Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur. Bu gün 1922-ci ildə baş vermiş Böyük Hücumun və Dumlupınar Döyüşünün qələbəsini yad edir. Türk tarixində mühüm dönüş nöqtələrindən biridir.
1922-ci ilin avqust ayında Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk ordusu Böyük Hücuma keçdi. 26 avqustdan başlayan hücum sürətli və planlı şəkildə həyata keçirildi. Ordu qısa müddətdə irəliləyərək düşmənin mövqelərini pozdu. Xüsusilə 30 avqustda Dumlupınar ətrafında baş verən həlledici döyüşdə Yunan qüvvələri ağır məğlubiyyətə uğradı. Düşmən ordusu böyük itki verdi və geri çəkilməyə məcbur oldu. Bu qələbə Anadolu torpaqlarının azad edilməsinə yol açdı. Zəfər Bayramı Türk İstiqlal Müharibəsinin son mərhələsi hesab olunur. Bu uğurdan sonra Mudanya Barışı imzalandı. Daha sonra isə Lozanna Müqaviləsi ilə müstəqil Türkiyənin sərhədləri beynəlxalq səviyyədə tanındı. 1923-cü ildə Türkiyə Respublikası elan olundu. Beləliklə, bu qələbə təkcə hərbi uğur deyil, eyni zamanda yeni bir dövlətin təməlini qoydu.
Hər il 30 Avqustda Türkiyənin hər yerində rəsmi mərasimlər keçirilir. Anıtkabirdə Atatürkün məzarı ziyarət olunur, hərbi paradlar təşkil edilir, şəhidlər anılır. Məktəblərdə, dövlət qurumlarında və şəhərlərdə bayraqlar dalğalanır. İnsanlar bu günü vətənpərvərlik hissi ilə qeyd edir. Bu gün azadlıq, birlik və vətən sevgisinin rəmzidir. Keçmişdəki qələbəni yad etmək, şəhidləri unutmamaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Zəfər Bayramı Türkiyə xalqı üçün həm tarixi xatirə, həm də milli qürur günüdür.
Nigar Xəlilli
11:50 30.08.2026
Oxunuş sayı: 80