Slovakiya Ukraynaya əlavə kredit ayrılmasını dəstəkləmir
Slovakiya 2027-ci il üçün Ukraynaya ayrılması nəzərdə tutulan 70 milyard avro məbləğində yeni kreditin maliyyələşdirilməsində iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Slovakiyanın Baş naziri Robert Fitso bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunları ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Macarıstan da analoji mövqe tutub.
Fitso qeyd edib ki, Ukrayna Avropa İttifaqından əlavə 70 milyard avro istəyib. Bununla yanaşı, Aİ daha əvvəl 2026–2027-ci illər üçün Kiyevə 90 milyard avro məbləğində kredit ayrılmasını razılaşdırıb.
Slovakiyanın baş naziri Ukraynaya maliyyə yardımının Aİ-nin 2028–2034-cü illər üçün növbəti büdcəsi ilə bağlı danışıqlarla əlaqələndirilməsini də “təhlükəli” adlandırıb.
O bildirib ki, Slovakiya Ukraynaya təhsil, avtomobil yolları infrastrukturu və energetika sahələrində dəstək göstərməyə hazırdır, lakin yeni kreditlər vasitəsilə deyil.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə çıxışı zamanı müharibənin gələn il ölkəsinə 155 milyard avroya başa gələcəyini bildirib və Avropa ölkələrini əlavə maliyyə vəsaiti tapmağa çağırıb.
19:35 17.10.2026
Oxunuş sayı: 72