Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
İranla razılaşdırılmamış marşrutla Hörmüz boğazından keçməyə çalışan daha bir neft tankerinin minaya düşdüyü bildirilir. Bu, gün ərzində qeydə alınan ikinci belə hadisədir.
Crossmedia.az xəbər verir ki, “Press TV” telekanalı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən məlumat yayıb.
SEPAH-ın məlumatına görə, hadisə zamanı tanker iki milyon bareldən çox neft daşıyırmış. Gəmi qanunsuz hesab edilən marşrutla hərəkət etməyə çalışarkən minaya düşüb.
Qurumun açıqlamasında bildirilir ki, mina ilə toqquşmadan sonra gəminin maşın şöbəsində güclü partlayış baş verib. Həmçinin qeyd olunur ki, tanker Hörmüz boğazından keçməzdən əvvəl naviqasiya sistemlərini söndürüb.
“Press TV” şənbə gecəsi də Hörmüz boğazında neft tankerinin minaya düşməsi barədə məlumat yayıb.
Bundan əvvəl, oktyabrın 14-də Sinqapurun Dəniz və Liman Administrasiyası “GFS Pride” konteyner gəmisinin Hörmüz boğazı yaxınlığında naməlum mərmi ilə vurulduqdan sonra batdığını açıqlamışdı. Hadisə zamanı gəmidəki 21 nəfərlik heyətin hamısı xilas edilib, xəsarət alan olmayıb. Heyət üzvləri arasında Sinqapur vətəndaşı olmayıb.
Məlumata görə, 2008-ci ildə inşa edilən və 2824 TEU tutumuna malik konteyner gəmisini idarə edən, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “GFS Ship Management FZE” şirkəti ilə operativ əlaqə saxlamaq mümkün olmayıb.
20:21 17.10.2026
Oxunuş sayı: 64