Estoniyada müxalifət hökumətin istefasını tələb edəcək
Estoniyanın müxalifətdə olan EKRE partiyası oktyabrın 19-da parlament binası qarşısında keçiriləcək mitinq zamanı hökumətin istefasını tələb edəcək.
Crossmedia.az xəbər verir ki, “Postimees” portalı bu barədə məlumat yayıb.
Partiyanın bəyanatında bildirilib ki, məqsəd planlaşdırılan vergi artımının və dövlət vəsaitlərinin israfının qarşısını almaq, eləcə də yeni hökumətin formalaşdırılmasına şərait yaratmaqdır.
EKRE nümayəndələri yeni hökumətin qurulması mümkün olmasa, növbədənkənar parlament seçkilərinin keçirilməsini də gündəmə gətirirlər. Onların fikrincə, bu, vətəndaşlara mövcud seçimlərinə uyğun parlament formalaşdırmaq imkanı verə bilər.
Partiya üzvləri qeyd ediblər ki, Estoniyada təxminən altı ildir hakimiyyətdə olan İslahat Partiyasının idarəçiliyi dövründə inflyasiya yüksəlib, iqtisadi tənəzzül dərinləşib və vergilər görünməmiş səviyyədə artırılıb. EKRE rəhbərliyinin iddiasına görə, ölkənin dövlət borcu da rekord həddə çatıb.
Qeyd edək ki, Estoniya hakimiyyəti daha əvvəl Ukraynaya silah alınması üçün əlavə 10 milyon avro ayrılması barədə qərar qəbul edib. Bu barədə ölkənin Baş naziri Kristen Mixal məlumat verib.
19:54 17.10.2026
Oxunuş sayı: 60