Rusiyada sərnişinlər 40 saat hava limanında qaldı
“Air Cairo” aviaşirkətinin sərnişinləri Moskvadakı Şeremetyevo hava limanında Hurqadaya uçmaq üçün 40 saat gözləsələr də, reys yenidən təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalında məlumat yayıb.
Sərnişinlərin sözlərinə görə, SM788 saylı reys oktyabrın 16-da, cümə günü saat 01:45-də yerinə yetirilməli idi. Lakin pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən təyyarə Moskvaya enə bilməyib və Samara şəhərinə yönləndirilib.
Sərnişinlər bildiriblər ki, gözləmə müddətində onlara vəziyyət barədə mütəmadi məlumat verilməyib. Yemək üçün ayrılan vəsaitin kifayət etmədiyini deyən bəzi sərnişinlər gecələmək üçün kapsul otelləri öz hesablarına tutmağa məcbur olublar.
Oktyabrın 17-də təyyarə Samara şəhərindən geri qayıdıb və uçuş saat 13:45-ə təyin edilib. Təxminən saat 15:00-da sərnişinlər təyyarənin salonuna buraxılıblar. Lakin təyyarə hərəkətə başladıqdan sonra stüardessalardan birinin səhhəti pisləşib.
Bundan sonra uçuş yenidən təxirə salınıb və ekipaj üzvü üçün təcili tibbi yardım çağırılıb.
Xatırladaq ki, daha əvvəl Moskvada təhlükəsizlik tədbirləri ilə əlaqədar 100-dən çox aviareysin gecikdiyi bildirilmişdi.
19:16 17.10.2026
Oxunuş sayı: 51