Dialektləri qorumaq xalqı, milləti, insanı qorumaq deməkdir - Akademik
Azərbaycanın dialekt və şivələri xalqımızın tarixi, mədəniyyəti və dil zənginliyini əks etdirən mühüm irs nümunələridir. Lakin müasir dövrdə ədəbi dilin geniş yayılması və bölgələr arasında ünsiyyətin artması bəzi şivələrin gündəlik istifadədən çıxmasına səbəb olur. Bu proses dilimizin dialektoloji zənginliyinin qorunması məsələsini aktuallaşdırır.

Mövzu ilə bağlı Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Akademik Nizami Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, dialektlər dilin özünü, mahiyyətini və canlı ünsiyyət prosesini əks etdirən mühüm hadisədir: “Əslində, dialektlər elə bir hadisədir ki, o, dilin özüdür, dilin mahiyyətidir, canlı ünsiyyət prosesidir. Biz dil deyəndə daha çox dialektləri nəzərdə tuturuq. Ədəbi dil o dialektlər üzərində yüksəlir, xüsusi bir intellektual hadisədir. Ədəbi dil inkişaf elədikcə dialektlərə müəyyən təsir göstərə bilir, onların bir az imkanlarını azaldır, kontingentini daraldır. Əhali dialektlə bağlı olur, daha doğrusu, dialektlə bağlılığını bir az yumşaldır. Tam itirmir, amma hər halda o bağlılıq əvvəlki səviyyədə olmur. Amma dialektlər də canlı xalq dili olaraq inkişaf eləyir, diferensiallaşır, bölünür. Hətta belə deyək ki, ədəbi dildə danışanlar eyni zamanda dialektdə də danışmağa məcbur olur. Çünki hərənin öz eli-obası var, ailəsi var və burada daha çox dialektdən istifadə eləyir. Hətta biz görürük, məsələn, radioda, televiziyada çox intellektual adamların, Bakıda doğulmuş akademiklərin belə Bakı dialektində danışdığını görürsən. Bu mənada dialektlərimizin elə böyük təhlükəsi yoxdur. Bir də dialekt bir psixoloji hadisədir. Yəni hər kəs çalışır ki, ailədə, məişətdə, öz doğmaları arasında, ya da müəyyən bir regionda olanda dialektdə danışsın. Çünki dialektdə danışmasa, onu anlamazlar, onu qəbul eləməzlər, hətta səmimi hesab eləməzlər. Bu mənada dialektlərimizin elə bir problemi yoxdur ki, lap məhdudlaşa bilər, aradan qalxa bilər və s”.
N. Cəfərov qeyd edib ki, Azərbaycan dialektləri həm də çox zəngindir: “Nəzərə alaq ki, Şimalla yanaşı Cənubi Azərbaycan var və orada dialekt mənzərəsi daha zəngindir. Ədəbi dil yox kimidir və ona görə də dialekt mənzərəsi əslində o yad dilə, rəsmi dilə qarşı mübarizə aparır.
Çox ciddi tədqiqatlar var. Artıq Azərbaycan dili dialektlərinin atlası hazırlanıb, çap olunubdur. Folklor nümunələri ardıcıl olaraq yığılır və onlar həm də dialektlərimizi əks etdirir. Yəni bu mənada Azərbaycan dialektlərini elə bir təhlükə gözləmir, tədqiqat da kifayət qədər yüksək səviyyədə gedir. Dialektləri qorumaq dilin təzahürlərini qorumaqdır. Amma bunun üçün xüsusi bir mexanizm yoxdur ki… Ədəbi dili qorumaq üçün mexanizm var. Yəni biz çalışırıq ki, insanlar savadlı olsun, bilikli olsun, ədəbi dilə uyğun danışsınlar, hətta dialektdən bir az uzaqlaşdıraq. Amma dialekti də təbiət qoruyur. Dilin xarakteri qoruyur. İnsanın öz xarakteri, təbiəti, ümumiyyətlə, cəmiyyətin özünəməxsusluğu qoruyur. Çünki dialekt təbii olan dildir, ədəbi dil süni dildir. Biz ədəbi dili oxumaqla, yazmaqla mənimsəyirik. Danışanda da hətta özümüzə müəyyən məhdudiyyətlər qoyub mənimsəyirik. Amma dialekt təbii dildir, orada məhdudiyyət yoxdur. Ona görə də dialektləri qorumaq anlayışı da o qədər ciddi anlayış deyil. Dialektləri qorumaq elə xalqı, milləti, insanı qorumaq deməkdir. Əgər o mövcuddursa, o dialektlər öz-özünə əmələ gələcək, inkişaf eləyəcək”.
Nuray Mehtiyeva
16:15 02.09.2026
Oxunuş sayı: 49