Pezeşkianın Hörmüz mesajı: Gərginlik azalır, boğaz açılır?
İran Prezidenti Məsud Pezeşkianın ABŞ-nin İslamabad memorandumunda nəzərdə tutulan öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Hörmüz boğazının gəmiçilik üçün açılacağını bildirməsi regionda gərginliyin azaldılması və enerji daşımalarının bərpası baxımından mühüm mesajdır. Tehran və Vaşinqton arasında memorandumun icrası ətrafında yaranan fikir ayrılıqları fonunda Pezeşkianın açıqlaması strateji əhəmiyyət daşıyan boğazın gələcək taleyini yenidən gündəmə gətirib.
Politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında əldə olunan müəyyən razılaşmaların tam şəkildə yerinə yetirilməyəcəyi əvvəlcədən gözlənilən idi:

“Hazırda tərəflərin bir-birini razılaşmanın şərtlərini yerinə yetirməməkdə ittiham etməsi bunu göstərir. Məsud Pezeşkianın ABŞ-nin öhdəliklərini yerinə yetirməsi ilə bağlı mövqeyi Pezeşkian hökumətinin Vaşinqtonla dialoqda hələ də maraqlı olduğunu və danışıqlar yolu ilə müəyyən məsələlərin həllinə ümid etdiyini göstərir. Ümumilikdə, Körfəz məsələsi həll olunmasa, ABŞ və İran arasında gərginliyin yenidən hərbi qarşıdurmaya çevrilməsi ehtimalı qalır. Tərəflər arasında yeni müharibənin qarşısının alınması üçün bu məsələnin həlli vacibdir. Son dövrdə baş verən proseslər fonunda Körfəz məsələsi İranın zənginləşdirilmiş uran ehtiyatları, uzaqmənzilli raket proqramı və nüvə proqramı ilə bağlı məsələləri müəyyən qədər arxa plana keçirərək daha önəmli gündəm mövzusuna çevrilib”.
Nigar Xəlilli
20:00 31.08.2026
Oxunuş sayı: 51