İslam ölkələrinin nazirləri Bağdadda toplaşdı: Qəzza əsas gündəmdə
İraqın paytaxtı Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası işə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü, səfir Həsəneyn Kamil bildirib ki, iştirakçı ölkələrin nümayəndə heyətlərinin Bağdada gəlməsindən sonra iclasa start verilib.
İki gün davam edəcək toplantı çərçivəsində İƏT-ə rotasiya qaydasında sədrlik Türkiyədən İraqa keçəcək.
“Dialoq və həmrəylik: Sülhün və davamlı inkişafın təşviqi üçün iki əsas dayaq” mövzusu altında keçirilən sessiyada beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Toplantının əsas gündəm mövzuları arasında İsrailin Qəzza zolağında davam edən hücumları, eləcə də İslam dünyasının müxtəlif bölgələrindəki münaqişələr və son siyasi proseslər yer alır.
İştirakçı ölkələrin xarici işlər nazirlərinin regional sabitliyin möhkəmləndirilməsi, dialoqun genişləndirilməsi və İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparacağı gözlənilir.
12:49 17.10.2026
Oxunuş sayı: 53