Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək: “İstiqlal”, “Şərəf”, “Şöhrət”... - SİYAHI
Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini istəyir. Partiyanın İdarə Heyətinin oktyabrın 16-da keçirilən iclasında bununla bağlı aidiyyəti üzrə vəsatət qaldırılması məqsədəuyğun hesab edilib.
Bəs uzun illər Azərbaycanın siyasi və dövlət idarəçiliyi sistemində mühüm vəzifələr tutmuş və siyasət kulislərində “Boz kardinal” adlandırılmış Ramiz Mehdiyev hansı dövlət təltiflərinə layiq görülüb? Onun hansı ordenləri əlindən alına bilər və bu prosesin hüquqi mexanizmi necədir?
Crossmedia.az saytı məsələni araşdırıb.
Dörd əsas dövlət ordeni
O, 2013-cü ildə “Şərəf” ordeni ilə də təltif olunub. Bu orden Azərbaycan qarşısında xidmətlərə görə verilən dövlət təltifidir.
Mehdiyevin növbəti mühüm təltifi “Şöhrət” ordeni olub. 16 aprel 2018-ci il tarixində o, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə bu ordenlə təltif edilib.
“Boz kardinal”ın aldığı ən yüksək dövlət təltiflərindən biri isə “Heydər Əliyev” ordenidir. 23 oktyabr 2019-cu il tarixli sərəncamla o, dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb.
Xarici dövlətlərin ordenləri də var
Ramiz Mehdiyevin təltifləri yalnız Azərbaycanla məhdudlaşmır. Onun bioqrafik məlumatlarında Rusiya və keçmiş SSRİ dövrünə aid mükafatlar da göstərilir.
Bu sırada SSRİ-nin “Qırmızı Əmək Bayrağı” ordeni, Rusiya Federasiyasının “Dostluq” və “Şərəf” ordenləri, eləcə də xarici qurumların verdiyi ayrı-ayrı medallar qeyd olunur.
Lakin indi söhbət Azərbaycan Respublikasının dövlət təltiflərindən gedir. Azərbaycan dövlətinin öz təltifləri ilə bağlı qərar qəbul etməsi başqa dövlətin verdiyi ordenin də avtomatik ləğvi demək deyil. Xarici təltiflərin taleyi onları təsis edən dövlətlərin qaydaları və səlahiyyətləri çərçivəsində həll oluna bilər.
Bundan başqa, Ramiz Mehdiyevin elmi fəaliyyəti ilə əlaqədar aldığı medal və mükafatları da var. Amma onların hamısını dövlət ordeni hesab etmək düzgün olmaz. Məsələn, 2021-ci ilin dekabrında o, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif olunub.
Dövlət təltifləri hansı qaydada geri alına bilər?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə məsələsini tənzimləyir.
Həmin maddəyə görə, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə işin hallarını, cinayətin ictimai təhlükəliliyini və təqsirkarın şəxsiyyətini nəzərə alaraq onun dövlət təltifindən məhrum edilməsinin zəruriliyi barədə qərar verə bilər.
Əgər söhbət Prezident tərəfindən verilmiş dövlət təltifindən gedirsə, məhkəmə həmin təltifdən məhrumetmə məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilməsi barədə qərar qəbul edə bilər.
Bu norma göstərir ki, dövlət təltifindən məhrumetmə sadəcə siyasi qərarla yekunlaşan proses deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq hüquqi prosedur tələb olunur.
Ramiz Mehdiyevin təqsirliliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən ediləndən sonra onun təltiflərsən məhrum ediləcəyi gözlənilir.
10:31 17.10.2026
Oxunuş sayı: 49