Paşinyanın Rusiya planı: Ermənistan Moskvanı itirmədən alternativlər axtarır
Ermənistanın Rusiya ilə münasibətləri fonunda enerji və nəqliyyat infrastrukturu ilə bağlı qərarları İrəvanın xarici siyasətində alternativlərin genişləndirilməsi məsələsini yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyan Rusiya ilə əlaqələri pisləşdirmək niyyətində olmadıqlarını bildirsə də, münasibətlərin əvvəlki kimi qala bilməyəcəyini vurğulayıb. Eyni zamanda, Ermənistan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı müxtəlif beynəlxalq tərəfdaşların təkliflərini nəzərdən keçirir, dəmir yollarının idarə olunması və modernləşdirilməsi məsələsində isə alternativ variantları müzakirə edir. Bu proseslər Ermənistanın strateji infrastrukturu üzrə seçimlərinin iqtisadi səmərəliliklə yanaşı, regional əlaqələrə və Rusiya ilə əməkdaşlığın gələcək formatına necə təsir edəcəyi sualını ortaya çıxarır.
Politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri tamamilə kəsmək niyyətində deyil, lakin ölkənin enerji və nəqliyyat sahələrində alternativ imkanlar əldə etməsinə çalışır: “Paşinyan Rusiyadan tamamilə uzaqlaşmaq istəmir. Ancaq Ermənistanın gələcək maraqlarını nəzərə alaraq, müxtəlif istiqamətlərdə alternativlər axtarır. Bu, ölkənin bir dövlətdən asılılığını azaltmaq siyasətinin tərkib hissəsidir”.

Ermənistanın dəmir yolları ilə bağlı məsələsinə toxunan Natiq Miri konkret razılaşmaların və vaxt cədvəlinin əhəmiyyətini vurğulayıb: “Dəmir yolları məsələsində artıq konkret addımlar atılmalıdır. Müvafiq işçi qruplarının fəaliyyəti nəticə verməli, prosesin hansı müddətdə həyata keçiriləcəyi müəyyənləşdirilməlidir. Ermənistan regional nəqliyyat layihələrindən kənarda qalmaq istəmir”.
Politoloqun fikrincə, Arazdəyən-Naxçıvan, Gümrü-Axurik və Qars istiqamətləri Ermənistan üçün mühüm əhəmiyyət daşıyır: “Ermənistan bu marşrutların açılmasında maraqlıdır. Çünki regional və beynəlxalq nəqliyyat əlaqələrindən kənarda qalmaq ölkənin iqtisadi imkanlarını məhdudlaşdıra bilər. Buna görə də İrəvan müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarını dəyərləndirməyə çalışır”.
Ermənistanın yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı seçimlərinə də diqqət çəkən politoloq Rusiyanın bu layihədə maraqlı olduğunu bildirib: “Rusiya və ‘Rosatom’ Ermənistanda yeni atom elektrik stansiyasının tikintisində maraqlıdır. Ancaq Ermənistan yalnız bu variantla kifayətlənməyə bilər. Fransa, ABŞ, Cənubi Koreya, Çin və Yaponiya kimi ölkələrin imkanları da nəzərdən keçirilə bilər”.
Natiq Miri mövcud Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin davam etdirilməsinin də vacib olduğunu bildirib: “Yeni stansiyanın tikintisi ilə bağlı qərar verilərsə, mövcud Metsamor stansiyasının əvəzləyici obyekt hazır olana qədər fəaliyyətini davam etdirməsi məsələsi nəzərə alınmalıdır. Ermənistan enerji təhlükəsizliyini təmin etmək üçün keçid dövrünü düzgün planlaşdırmalıdır”.
Onun qənaətinə görə, alternativ tərəfdaşların nəzərdən keçirilməsi Ermənistanın Rusiya ilə münasibətlərində də danışıqlar imkanlarını genişləndirə bilər. İrəvanın əsas məqsədi enerji və nəqliyyat sahələrində seçim imkanlarını artırmaq, eyni zamanda Moskva ilə əməkdaşlığı tamamilə dayandırmadan öz maraqlarını qorumaqdır.
Nigar Xəlilli
13:00 17.10.2026
Oxunuş sayı: 63