Maqnit qasırğası GÖZLƏNİLMƏDƏN başladı - XƏBƏRDARLIQ
Yer kürəsində çərşənbə axşamı səhər gözlənilmədən planetar miqyasda maqnit qasırğası başlayıb.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, qasırğa Moskva vaxtı ilə 07:00-08:00 arasında dünyanın müxtəlif maqnit rəsədxanaları tərəfindən qeydə alınıb. Təxminən saat 09:00-da onun gücü G1 səviyyəsinə çatıb.
Alimlər geomaqnit vəziyyətin müəyyən qədər pisləşəcəyini gözləsələr də, yalnız zəif pozuntuların baş verəcəyini proqnozlaşdırıblar. Yerə yaxın ərazidə Günəş küləyinin göstəriciləri də son ana qədər aşağı olub. Buna görə maqnit sahəsinin qasırğa səviyyəsinə keçməsinin səbəbi hələ tam aydın deyil.
Laboratoriyanın proqnozuna əsasən, qasırğanın aktiv mərhələsi qısa müddətli olacaq. Moskva vaxtı ilə günorta saatlarına qədər Yer kürəsinin maqnit sahəsinin yenidən zəif həyəcanlanmış vəziyyətə qayıda biləcəyi bildirilir. Geomaqnit şəraitin tam sabitləşməsi isə daha 2-3 gün çəkə bilər.
Hazırda Yer böyük tac dəliyinin təsir zonasında yerləşir. Alimlər planet bu zonanı tərk edənədək geomaqnit aktivliyin yeni sıçrayışlarının baş verə biləcəyini istisna etmirlər.
Bu, avqustun əvvəlindən Yer kürəsində qeydə alınan üçüncü maqnit qasırğasıdır. Bundan əvvəl avqustun 2-si və 8-də oxşar hadisələr qeydə alınıb. Hər üç qasırğa mülayim xarakter daşıyıb və beşballıq şkala üzrə G2 səviyyəsini keçməyib.
13:36 18.08.2026
Oxunuş sayı: 69