Bu məmur xalqa vaxtında xidmət etdiyi üçün indi rahat yaşayır
Almaniyanın keçmiş Federal Kansleri Angela Merkelin şəhərdən uzaqda, sadə həyat tərzi sürməsi və xüsusi mühafizə olmadan yaşaması diqqət çəkən məqamlardandır. Uzun illər ölkənin ən yüksək siyasi vəzifələrindən birini tutmuş Merkelin bu gün adi vətəndaş həyatı yaşaması Almaniyada hüquqi dövlət və vətəndaşların təhlükəsizliyinin təmin olunması məsələsini də gündəmə gətirir.
Politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Angela Merkel Almaniya tarixində xüsusi dəst-xətti olan siyasi liderlərdəndir. Merkel fəaliyyəti dövründə Alman dövlətinin maraqlarını həmişə önə çəkib:
“Almaniyanın Kansleri Angela Merkel Almaniya tarixində xüsusi dəst-xətti olan siyasətçilərdəndir. Fəaliyyət dövründə Alman dövlətinin maraqlarını həmişə önə çəkib. Xatırlatmaq yerinə düşər ki, Şimal Axını 2 – Rusiya ilə bağlanan müqavilə əsasında Şimal Axını 2 qaz kəmərinin çəkilməsi ilə əlaqədar onun xüsusi xidmətləri olub. Hətta Amerika Birləşmiş Ştatları Merkelə təzyiq edirdi ki, Şimal Axını 2 kəməri dayandırılsın. Hətta bununla bağlı sanksiyalar da tətbiq edilmişdi. Buna baxmayaraq, Merkel Alman dövlətinin maraqlarını nəzərə alaraq bu layihənin həyata keçirilməsində maraqlı idi. Ukrayna münaqişəsi başladıqdan sonra Merkel hakimiyyətdən getdi və nəticədə Şimal Axını 2 kəməri partladıldı, Avropadan və Rusiyadan Almaniyaya qaz nəqli dayandırıldı. Məlumdur ki, iqtisadiyyatın kəskin ehtiyacları var. Onlardan biri enerji, ikincisi isə xammaldır. Almaniya bu iki komponenti Rusiyadan alırdı və Merkelin də fəaliyyəti bundan ibarət idi ki, Rusiya ilə əməkdaşlığı genişləndirsin və Almaniyanın iqtisadiyyatını dirçəldsin. Ümumilikdə, Merkelin fəaliyyəti təkcə Almaniyanın yox, Avropa Birliyinin işində də xüsusi rol oynayıb. Hakimiyyətdən gedəndən sonra o, adi bir vətəndaş deyil, dövlət xadimi olub. Amma buna baxmayaraq, Almaniya hüquqi dövlətdir. Orada kimliyindən asılı olmayaraq vətəndaşların qanun qarşısında bərabərlik hüququ var və adi vətəndaşla dövlət məmuru arasında heç bir fərq qoyulmur. Hər bir vətəndaşın, istər məmur, istər dövlət xadimi, istərsə də adi vətəndaş olsun, təhlükəsizliyi bərabər səviyyədə qorunur".

Politoloq qeyd edib ki, bu baxımdan Merkelin azad həyat yaşaması, yəni hakimiyyətdən getdikdən sonra adi vətəndaş həyatı sürməsi Almaniyanın, Alman dövlətinin hüquqi dövlət olmasının, eyni zamanda vətəndaşların dövlət tərəfindən təhlükəsizliyinə zəmanət verilməsinin bariz nümunəsidir: "Təbiidir ki, bu cür şəraitdə yaşamaq hər bir vətəndaşın arzusudur. Hər bir dövlət belə bir cəmiyyətin, hər bir cəmiyyət isə belə bir dövlətin yaranmasını arzulayar. Merkelin sadə həyat sürməsi onun dövlət xadimi kimi fəaliyyətinin şəffaf olmasından qaynaqlanır. Çünki dövlət xadimi olaraq Alman xalqının və Alman dövlətinin maraqlarına xidmət etdiyinə, eyni zamanda fəaliyyəti dövründə qanundan kənar fəaliyyət göstərmədiyinə görə bu gün azad və sərbəst yaşayır, adi vətəndaş həyatı sürür. Çünki onun Alman xalqı qarşısında xidmətləri olub. Dövlət də onun fəaliyyətini qiymətləndirir. Xüsusi mühafizəyə və xüsusi qorunmaya ehtiyacı olduğu halda belə, onun azad yaşaması, vaxtilə kansler olaraq xalqına xidmət etməsi və fəaliyyətinin şəffaflığı ilə bağlıdır. Bu səbəbdən onun özünə qarşı heç bir təhlükə görmür. Bu gün Almaniya, hüquqi dövlətdir və vətəndaşların qanun qarşısında bərabərlik hüququ var. Kimliyindən asılı olmayaraq dövlət həmin vətəndaşların, həmin insanların – istər dövlət məmuru, istərsə də adi vətəndaş olsun – təhlükəsizliyinə zəmanət verir. Bu baxımdan Merkelin belə sadə həyat yaşaması onun özü üçün təhlükə deyil. Çünki o, vaxtilə qanundan kənar fəaliyyət göstərməyib, xalqına və dövlətinə xidmət edən lider olub. Bu baxımdan da sərbəst yaşayır və hesab edirəm ki, onun təhlükəsizliyinə dövlət zəmanət verir. Dövlət, bir tərəfdən də, onun qorunmasına xüsusi diqqət göstərməyə borcludur. Amma buna baxmayaraq, sadə həyat yaşaması onun öz arzusu ola bilər”.
Zeynəb Həsən
17:45 17.08.2026
Oxunuş sayı: 45