ABŞ-İran danışıqlarında gözlənilməz vasitəçi: Bərzani
ABŞ Prezidenti Donald Trampın administrasiyası may ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə danışıqların təşkili üçün İraq Kürdüstanı Regional Hökumətinin başçısı Neçirvan Bərzanidən vasitəçilik etməsini istəyib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp administrasiyası danışıqlarda vasitəçi kimi Neçirvan Bərzanini seçib. Bildirilir ki, Bərzani həm ABŞ, həm də SEPAH rəhbərliyinin etimadını qazanan azsaylı şəxslərdən biridir.
“Axios” qeyd edir ki, Vaşinqtonun belə bir addım atması ABŞ administrasiyasının İranla danışıqlar apararkən qarşılaşdığı çətinlikləri göstərir.
Məlumata görə, ABŞ üçün əsas problemlərdən biri İranda qərar qəbul edən şəxslərlə birbaşa dialoq qurmaqdır. Digər mühüm məsələ isə həm Ağ Evin, həm də Tehranın etibar etdiyi vasitəçilərin tapılmasıdır.
Nəşr bildirir ki, Vaşinqtonun İranla danışıqlar prosesində etibarlı əlaqə kanalı yaratmaq səyləri bu səbəbdən mürəkkəb olaraq qalır.
16:04 17.08.2026
Oxunuş sayı: 56