Hindistan ABŞ şirkətindən 2 MQ-9B dronu icarəyə götürdü
Hindistan Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün ABŞ-nin “General Atomics Aeronautical Systems” şirkətindən iki MQ-9B “Sea Guardian” pilotsuz uçuş aparatı 30 aylıq müddətə icarəyə götürüb.
Crossmedia.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, “General Atomics Aeronautical Systems” şirkəti ilə iki HALE (yüksək hündürlükdə, uzunmüddətli uçuş) sinfinə aid MQ-9B “Sea Guardian” pilotsuz aviasiya kompleksinin 30 aylıq icarəsi ilə bağlı müqavilə imzalanıb.
Müqavilənin dəyəri təxminən 19,43 milyard rupi, yəni 203 milyon dollar təşkil edir.
Hindistan Müdafiə Nazirliyi bildirib ki, qabaqcıl sistemlər, müasir sensorlar və mürəkkəb hədəf avadanlıqları ilə təchiz olunan MQ-9B “Sea Guardian” PUA-ları ölkənin Hərbi Dəniz Qüvvələrinin dəniz məkanında vəziyyət barədə məlumatlılıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Nazirliyin məlumatına görə, sistemlər geniş dəniz akvatoriyalarında kəşfiyyat məlumatlarının fasiləsiz toplanmasına, habelə müşahidə və kəşfiyyat fəaliyyətinin aparılmasına imkan verəcək.
Bildirilib ki, bu imkanlar Hindistanın Hind okeanı regionunda vəziyyəti izləmək və baş verən hadisələrə operativ reaksiya vermək qabiliyyətini gücləndirəcək.
15:58 17.08.2026
Oxunuş sayı: 56