CROSSMEDIA - Analitik İnformasiya Portalı

Xarici xəbərlər

10:01 23.10.2026

ABŞ-də “Starlink” qalmaqalı böyüyür

44

ABŞ senatoru Riçard Blumental Ukrayna ordusunun istifadə etdiyi “Starlink” və “Starshield” peyk rabitəsi xidmətlərinin məhdudlaşdırılması barədə qərarın kim tərəfindən verildiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Crossmedia.az xəbər verir ki, senatorun rəsmi ofisi bu barədə məlumat yayıb. Senatın Daimi Araşdırmalar Altkomitəsində Demokratlar Partiyasının baş nümayəndəsi olan Blumental məhdudiyyətin Ağ Evin, Pentaqonun, yoxsa “SpaceX” şirkətinin göstərişi ilə tətbiq edildiyini aydınlaşdırmaq niyyətindədir. Senatorun sözlərinə görə, rabitə imkanlarının gözlənilmədən məhdudlaşdırılması Ukrayna hərbçilərinin və mülki əhalinin təhlükəsizliyini risk altına qoyub. O bildirib ki, hadisə ABŞ hökumətinin milyardlarla dollar xərclədiyi strateji rabitə sistemlərinə faktiki olaraq kimin nəzarət etdiyi barədə ciddi suallar doğurur. “Bu hadisə sözügedən sistemlərin fəaliyyət parametrlərini dəyişdirmək üçün texniki və hüquqi səlahiyyətlərin kimə məxsus olması ilə bağlı təcili cavablandırılmalı suallar yaradır”, – deyə Blumental Pentaqon rəhbəri Pit Heqsetə ünvanladığı məktubda qeyd edib. Məlumata görə, oktyabrın 13-də Ukrayna ordusunun istifadə etdiyi “Starshield” sisteminin imkanları xəbərdarlıq edilmədən məhdudlaşdırılıb. Bu, xüsusilə yüksək sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarının fəaliyyətinə təsir göstərib. Blumental Pentaqondan və “SpaceX”dən qərarın qəbul olunma mexanizmi, məsul şəxslər və xidmətlərin məhdudlaşdırılması səlahiyyətləri barədə ətraflı məlumat tələb edib. Senator “SpaceX” şirkətindən noyabrın 5-dək yazılı cavab təqdim etməsini istəyib. Qeyd edək ki, məhdudiyyətin kim tərəfindən tətbiq edilməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. ABŞ administrasiyası və “SpaceX” rəhbərliyinin açıqlamalarında fərqliliklər olduğundan qərarın müəllifi hələlik qəti müəyyən edilməyib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR