ABŞ-nin Ukrayna ilə bağlı yeni sülh planı üzə çıxdı
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni sülh planı hazırlayıb. Təkliflər Ukraynanın NATO üzvlüyündən imtinasını, Donbasda demilitarizasiya zonasının yaradılmasını və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın “The Economist” nəşri Ukrayna rəsmilərinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun təklif etdiyi plana əsasən, Ukrayna NATO-ya üzv olmaq niyyətindən imtina etməlidir. Bunun müqabilində Kiyevə maliyyə və investisiya dəstəyi, həmçinin Avropa İttifaqına üzvlük perspektivi təklif olunur.
Planın digər mühüm bəndi Donbas ərazisində hərbsizləşdirilmiş zonanın yaradılmasıdır.
Rusiya üçün isə Qərb sanksiyalarının yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi sazişlərin imzalanması və Vaşinqtonla siyasi münasibətlərin normallaşdırılması imkanları nəzərdə tutulur.
Təkliflər arasında Rusiya qazının Avropa bazarlarına qaytarılması və zədələnmiş “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpası da yer alır.
Nəşrin məlumatına görə, Ukrayna nümayəndələri ABŞ və Rusiyanın müharibə başa çatmamış qarşılıqlı iqtisadi razılaşmalar əldə edə biləcəyindən narahatdırlar.
Bununla belə, açıqlanan şərtlər hələlik təklif mərhələsindədir. Rusiya və Ukraynanın planı qəbul etməsi, eləcə də tərəflər arasında yekun razılaşmanın əldə olunması barədə məlumat yoxdur.
09:43 23.10.2026
Oxunuş sayı: 68