Tramp üçüncü dəfə prezident olmaq istədiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezident seçkilərində iştirak etmək istədiyini bildirib. O, ölkə qanunvericiliyinin buna icazə vermədiyini də etiraf edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ lideri 2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığına dair əvvəlki iddialarını təkrarlayaraq yenidən namizəd olmaq hüququna malik olduğunu söyləyib.
“Hesab edirəm ki, yenidən namizəd olmaq hüququm var, çünki onlar seçkiləri saxtalaşdırıblar”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Tramp isə 2016 və 2024-cü illərdə keçirilən prezident seçkilərində qalib gəlib.
Tramp daha əvvəl də üçüncü prezidentlik müddətinə maraq göstərsə də, mövcud konstitusiya məhdudiyyətlərini etiraf edib.
09:51 23.10.2026
Oxunuş sayı: 53