İlon Mask “Skydance” kinostudiyasına 1 milyard dollar investisiya edib
Amerikalı milyarder İlon Mask Devid Ellisona məxsus “Skydance” kinostudiyasına təxminən 1 milyard dollar sərmayə yatırıb.
Crossmedia.az xəbər verir ki, “Semafor” nəşri sövdələşmə ilə tanış mənbələrə istinadən məlumat yayıb.
İnvestisiya “Skydance” şirkətinin səhmdar kapitalını artırmaq üçün həyata keçirdiyi daha geniş maliyyələşdirmə kampaniyasının bir hissəsidir. Şirkətə digər investorlar, o cümlədən “Apple” şirkətinin mərhum həmtəsisçisi Stiv Cobsun həyat yoldaşı Loren Pauell Cobs da sərmayə qoyub.
“CNBC”nin Devid Ellisondan sitat gətirdiyi açıqlamaya görə, şirkət güclü məhsul və texnologiya komandası formalaşdırmağı hədəfləyir.
Məlumata görə, “Paramount”un “Warner Bros. Discovery” şirkətini satın alması ilə bağlı sövdələşmə oktyabrın 6-da başa çatıb və aktivlər “Skydance” adı altında birləşdirilib. Şirkətin rəhbərləri Devid Ellison və İnon Kreys iki böyük kinostudiyanın, “Paramount+” və “HBO Max” yayım platformalarının, eləcə də bir sıra korporativ bölmələrin inteqrasiyasını həyata keçirməlidirlər.
Birləşmiş şirkət üç il ərzində 6 milyard dollar qənaət etməyi planlaşdırır. Bununla belə, onun ümumi borcunun təxminən 80 milyard dollar olduğu bildirilir.
Mask daha əvvəl Ellison ailəsini və “Skydance” şirkətini açıq şəkildə tərifləyib. Bu isə onun “Starlink” peyk şəbəkəsi ilə şirkət arasında daha geniş əməkdaşlıq ehtimalı barədə müzakirələrə səbəb olub.
Milyarder Con Meloun “Paley Center”də çıxışı zamanı tərəflər arasında sövdələşmənin tezliklə elan oluna biləcəyini istisna etməyib. O, Larri Ellisonun 2022-ci ildə Maskın “Twitter”i satın almasını maliyyələşdirən şəxslərdən biri olduğunu da xatırladıb.
Mask və “Paramount” məsələ ilə bağlı şərh verməyiblər. İnvestisiya barədə xəbərin yayılmasından sonra “Skydance” səhmlərinin qiyməti təxminən 1 faiz azalıb.
07:53 23.10.2026
Oxunuş sayı: 61