İsraildə qadın alveri ilə məşğul olan cinayətkar şəbəkə ifşa edilib
İsrail polisi qadınları cinsi istismara məcbur edən cinayətkar şəbəkənin fəaliyyəti ilə bağlı istintaqı başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, istintaqın materiallarına əsasən, şəbəkə üzvləri sosial şəbəkələr vasitəsilə qadınları ofis işi vədi ilə işə cəlb ediblər.
2025-ci ilin yayında başlanan araşdırma zamanı müəyyən olunub ki, şübhəlilər əsasən əlilliyi olan və ya ağır sosial vəziyyətdə yaşayan həssas qadınları hədəf seçiblər. Onlar aldadılaraq şəbəkəyə cəlb edildikdən sonra hədə-qorxu altında cinsi xidmət göstərməyə məcbur ediliblər.
İş üzrə əsas fiqurlar hesab olunan İsrailin şimal bölgəsində yaşayan bir kişi və bir qadın barəsində Hayfa Məhkəməsinə ittiham aktının təqdim olunacağı barədə bəyannamə göndərilib.
Onlara insan alveri, ağırlaşdırıcı hallarda fahişəliyin təşkili və hədə-qorxu ilə tələb etmə maddələri üzrə ittiham irəli sürüləcək.
16:53 04.07.2026
Oxunuş sayı: 45