Qətərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycanın Qətərdəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım günü keçirilib. Tədbirdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onu müşayiət edən nümayəndə heyəti, səfirliyin əməkdaşları və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirin əvvəlində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları səfirliyin foyesində yaradılmış və Qanlı Yanvar hadisələrini özündə əks etdirən fotostendlə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin portretinin önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən səfir Adış Məmmədov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində həm faciəli və kədərli, həm də qəhrəmanlıq və rəşadət səhifəsi olduğunu bildirib. Vurğulanıb ki, dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 Yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapıb. Faciənin ertəsi günü – yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu qeyd edib, baş vermiş qanlı hadisənin Azərbaycan xalqına qarşı törədilən qətliam kimi xarakterizə edərək, bu cinayəti törədənlərin qanun qarşısında cavab verməli olduqlarını bəyan edib.
Səfir, həmçinin vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin edib, habelə 2023-cü il sentyabrın 19-20-də suverenliyimiz tam bərpa olunub. Beləliklə, Azərbaycan torpaqlarının işğalına və münaqişəyə son qoyub.
Daha sonra müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev çıxış edib. K.Vəliyev çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində tarixə həkk olunduğunu, qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu, bu qanlı hadisənin xalqımızın azadlıq iradəsini sarsıda bilmədiyini, əksinə, müstəqillik yolunda mübarizəni daha da gücləndirdiyini vurğulayıb.
Azərbaycanın hərb tarixindən söhbət açan K.Vəliyev məhz Ümummilli Lider H.Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ordusunun formalaşdığını diqqətə çatdırıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövründə isə ordumuzun beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəldiyini, məhz bunun sayəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı düşməndən azad etdiyini qeyd edib.
Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatı Qətər Dövlətinin Xarici İşlər Nazirliyi və Qətərdə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinə göndərilib.
08:45 21.01.2026
Oxunuş sayı: 1078