Qanlı Yanvar şəhidlərinin xatirəsi Strasburqda yad edilib
“20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib. Tədbir iştirakçıları xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov xalqımızın qan yaddaşına həkk olunan 20 Yanvar faciəsinə tarixi perspektivdən nəzər salaraq, sovet ordusunun törətdiyi bu qanlı qırğının Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq və onun iradəsini sarsıtmaq məqsədi daşıdığını xatırladıb.
Bildirib ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı izdihamlı matəm yürüşü təşkil edərək, şəhidləri ilə layiqincə vidalaşıb, haqq-ədalət və müstəqillik uğrunda mübarizəyə sadiqliyini bir daha bəyan edib.
Ümummilli Lider Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini Azərbaycan xalqına qarşı ağır cinayət törətməkdə ittiham etmiş və həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
Səfir vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq əzəli torpaqlarımızı işğaldan azad edib və bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır.
Anım tədbirində Azərbaycan Televiziyasının hazırladığı Qanlı Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
07:51 21.01.2026
Oxunuş sayı: 1278