Londonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Londonda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib. Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbir London Universitet Kollecinin (UCL) Azərbaycan Cəmiyyətinin və Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə reallaşıb. Anım mərasimində Böyük Britaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin açılışında Universitet Kollecinin (UCL) Azərbaycan Cəmiyyətinin sədri Murad Abdulkərim çıxış edib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələrini əks etdirən ingilis dillində qısa sənədli film nümayiş olunub.
Daha sonra London Universitet Kollecinin tələbəsi Zeynal Zeynallın moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edib. Səfir çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını bildirib. Vurğulayıb ki, həmin gecə törədilən zorakılıq mülki əhaliyə qarşı yönəlmiş ağır cinayət olmaqla yanaşı, mahiyyət etibarilə insanlığa qarşı cinayət kimi dəyərləndirilməlidir. Həmin vaxtı Moskvada təhsil aldığını bildirən səfir, 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin mətbuat və ictimaiyyət qarşısında verdiyi kəskin siyasi etirazın canlı şahidi olduğunu bildirib. O, Ulu Öndərin sovet rejiminə qarşı bu cəsarətli çıxışının Azərbaycanın xalqının müstəqillik uğrunda sarsılmaz mövqeyinin ifadəsi olduğunu vurğulayıb.
Elin Süleymanov, həmçinin 20 Yanvar gecəsinin qurbanlarının yalnız etnik azərbaycanlılardan ibarət olmadığını, müxtəlif millətlərə mənsub insanların da həlak olduğunu diqqətə çatdıraraq, bunun etnik və mədəni müxtəlifliyin hər zaman ölkəmizin ən ümdə xüsusiyyətlərindən biri olduğunun bariz göstəricisi olduğunu deyib.
Tədbirdə çıxış edən gürcüəsilli tədqiqatçı Tamara Draqadze 1990-cı ilin yanvarında Azərbaycanda olduğunu deyib. Tamara Draqadze bildirib ki, 20 Yanvar hadisələrindən sonra Heydər Əliyevin Moskvada açıq mövqe ortaya qoyması yalnız şəxsi cəsarət nümunəsi deyildi, eyni zamanda Azərbaycanın siyasi taleyi baxımından həlledici addım idi. Onun sözlərinə görə, həmin çıxış Azərbaycan xalqının təkcə millət kimi deyil, həm də siyasi liderliklə formalaşan dövlət kimi meydana çıxdığını göstərdi.
Sonda Tamara Draqadze bildirib ki, bu gün dünyada baş verən münaqişələr və mülki əhaliyə qarşı zorakılıqlar 20 Yanvar faciəsinin mahiyyətini daha dərindən anlamağa imkan verir. O, gənc nəslin tarixi yaddaşı qoruyaraq daha ədalətli və humanist bir dünyanın qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru (PhD) namizədi Tofiq Şahniyarov çıxışında 20 Yanvar hadisələrinə hüquqi aspektdən toxunub. Anım mərasimi interaktiv müzakirə ilə davam edib, tələbələr mövzu ətrafında çıxışçılara suallar ünvanlayıblar. (Azərtac)
06:17 21.01.2026
Oxunuş sayı: 1106