Prezidentə minnətdaram, bu fərmanın verilməsini səbrsizliklə gözləyirdim -DEPUATAT
Azərbaycanın qeyri-neft sektorunun inkişafı və regionlarda iqtisadi fəallığın artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin fərmanı ilə Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılacaq. Parkın əsas məqsədi sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və regionlarda məşğulluğun artırılmasıdır. Sənaye parkının təşkili və fəaliyyəti İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək, dövlət büdcəsindən ilkin olaraq layihələndirmə və infrastruktur işlərinə 500 min manat ayrılacaq. Həmçinin, Gəncə və Şəmkir ərazilərində müvafiq torpaq sahələrinin sənaye parkının istifadəsinə verilməsi üçün hüquqi və texniki tədbirlər görüləcək.
Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, ölkədə qeyri-neft sektorunun sürətli inkişafında mühüm rol oynayan sənaye parklarının yaradılması davam edir: “Dövlət tərəfindən reallaşdırılan təşviq mexanizmləri bu prosesə əlavə stimul verir. Mövcud vergi islahatları çərçivəsində sənaye parklarının rezidentləri müasir və hazır infrastrukturla dövlət dəstəyi əsasında təmin olunur. Bu parklar Azərbaycanın istehsal potensialının genişləndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və ixrac imkanlarının artırılması baxımından mühüm rol oynamalıdırlar".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev ölkədə sənayenin inkişafını daha da sürətləndirmək məqsədilə “Qərb Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb: “Beləliklə, Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində fəaliyyət göstərəcək bu park sahibkarlara rəqabətqabiliyyətli məhsullar istehsal etmək və xidmət göstərmək üçün zəruri infrastruktur və idarəetmə mexanizmləri təmin edəcək. Müasir texnologiyaların tətbiqi ilə işlər səmərəli şəkildə qurulacaq və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılacaq”.
M. Cəfərov əlavə edib ki, bu fərmanın verilməsini səbirsizliklə gözləyirdi: “Milli Məclisdəki fəaliyyətim dövründə dəfələrlə Gəncə şəhərində Sənaye Parkının yaradılmasını təklif etmişdim. Dövlətimizin başçısına bu qərarına görə təşəkkür edirik. Gəncə hər zaman sənaye şəhəri kimi tanınıb və ölkənin iqtisadiyyatında əhəmiyyətli çəkiyə sahib olub. Artıq yaradılacaq bu sənaye parkı Gəncənin sənaye şəhəri şöhrətini yenidən canlandıra biləcək".
Deputatın fikrincə, Azərbaycan sənaye parkları həm yerli, həm də xarici investisiyaları cəlb edərək qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verir və regionlarda yeni istehsal imkanları yaradır: “Sənaye parkları həm yerli sahibkarlar, həm də xarici investorlar üçün cəlbedici iqtisadi platforma rolunu oynayır".
Mehriban Yariyeva
15:41 19.01.2026
Oxunuş sayı: 1274