WUF13 üzrə media nümayəndələrinin akkreditasiyasına başlanılıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, 2026-cı il mayın 17-22-də Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək bu tədbirdə iştirakla bağla bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər.
Qeyd olunub ki, elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.
Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.
WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil olmaq mümkündür.
14:24 17.01.2026
Oxunuş sayı: 1605