ABŞ yaxın vaxtlarda İrana hava hücumu edə bilərmi? - AÇIQLAMA

Amerikalı rəsmilərin bəyanatını və son dövrlər baş verənləri təhlil etdikdə ABŞ-nin İranın nüvə obyektlərini bombalayacağı təəssüratı yaranıb. Məsələn, ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlar, o cümlədən hərbi əməliyyatlar, nəzərdən keçirilir. Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın komandası İsrailə İranın nüvə obyektlərinə zərbələr endirməyi təklif edib və bu məqsədlə müasir silahların ötürülməsini planlaşdırıb. Eyni zamanda, ABŞ administrasiyası İsraildən İranın nüvə və neft obyektlərinə hücum etməyəcəyinə dair zəmanət alıb.Lakin, mənbələr bu zəmanətlərin mütləq olmadığı və vəziyyətin dəyişə biləcəyi barədə xəbərdarlıq ediblər.
Bəs ABŞ yaxın vaxtlarda İrana hava hücumu edə bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov ilk olaraq bildirib ki, belə bir halın baş verməsi Yaxın Şərqdə yeni müharibə ocağının yaranmasına səbəb ola bilər:
“Həmçinin, müharibə ocağının miqyası böyüyərək qarşısı alınmaz münaqişəyə gətirib çıxara bilər. ABŞ-nin İranla müharibə aparmaq üçün şəraiti yoxdur. ABŞ isə İranla müharibəyə gedərək Yaxın Şərqdə və Ərəb körfəzindəki nöqtələrini riskə atmaq niyyətində deyil. ABŞ rəhbərliyi hələ ki İranla eskalasiyaya getməyi uyğun görmür. İran nə qədər birbaşa görüşdən yayınsa da dolayı yolla və vasitəçilərlə danışıqlar aparmağı uyğun görür. Bu görüşün nəticəsi olaraq razılaşmanın əldə olunma ehtimalı daha böyükdür”.
Asif Quliyev
19:00 08.04.2025
Oxunuş sayı: 9000