Azərbaycan Ankarada keçirilən Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Azərbaycan Ankarada keçirilən IV Dünya Mədəniyyətləri Festivalında milli geyimləri, zəngin mədəni irsi, incəsənət nümunələri və mətbəxi ilə təmsil olunub.
Crossmedia.az xəbər verir ki, festivalda 72 ölkənin diplomatik nümayəndəlikləri, səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin stendində ölkənin tarixi və mədəniyyətinə dair nəşrlər, milli suvenirlər, xalçalar, kəlağayılar və müxtəlif əl işləri nümayiş etdirilib. Ziyarətçilərə Azərbaycan milli şirniyyatları da təqdim olunub.
Tədbir çərçivəsində “Zəngəzur” rəqs ansamblı milli rəqslərimizi ifa edib. Həmçinin Bakı Geyim Evinin “Tarixi Azərbaycan geyimləri” adlı moda nümayişi keçirilib. Dizayner Ləman Qulamovanın kolleksiyasını türk tələbələr təqdim ediblər.
Ankarada fəaliyyət göstərən “Buta” restoranı isə festival iştirakçılarına Azərbaycan mətbəxinin nümunələrini təqdim edib.
İki gün davam edən festivalda müxtəlif ölkələrin musiqisi, rəqsləri, milli geyimləri və mətbəxi nümayiş olunur. Tədbir xalqların mədəni irsinin tanıdılması və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə xidmət edir.(Report)
17:25 11.10.2026
Oxunuş sayı: 72