Dünyanın gözü bu addımda: ABŞ İrana qarşı "qırmızı xətt"i keçir?
Yaxın Şərqdə geosiyasi gərginliyin yüksəldiyi bir vaxtda Birləşmiş Ştatların İrana qarşı ata biləcəyi növbəti addımlar beynəlxalq birliyin diqqət mərkəzindədir. Vaşinqtonun Tehran siyasətində hərbi güc nümayişi ilə yanaşı, iqtisadi təzyiq mexanizmlərindən də kompleks şəkildə istifadə etməsi regiondakı təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
ABŞ-nin xarici siyasət strategiyasına nəzər saldıqda görünür ki, hərbi əməliyyatlardan öncə adətən iqtisadi mühasirə çəmbəri daraldılır və daha sərt sanksiyalar paketi tətbiq olunur. Mövcud mərhələdə yeni sanksiyaların tətbiqi ehtimalı yüksək qiymətləndirilir ki, bu da ehtimal olunan hərbi müdaxilə və ya zərbələr üçün zəmin rolunu oynaya bilər. Xüsusilə İranın iqtisadi dayaq nöqtəsi sayılan enerji sektoru və kritik infrastruktur obyektləri Vaşinqtonun əsas hədəfləri sırasında yer alır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin hər bir addımı iqtisadi müstəvidə yeni qadağaların tətbiq olunması ilə müşayiət oluna bilər.

Politoloq qeyd edib ki, ABŞ-nin İrana qarşı sərtləşdirilmiş sanksiyaları hazırda da qüvvədədir və tarixən Vaşinqtonun hərbi hücumdan əvvəl daha ağırlaşdırılmış iqtisadi sanksiyalara əl atdığı müşahid olunub: "Yeni sanksiya paketinin tətbiqindən sonra hərbi variantların və genişmiqyaslı hücumların daha aktiv müzakirə olunacağı istisna edilmir. İndiki mərhələdə Birləşmiş Ştatların əsas hədəfində İranın infrastruktur layihələri, xüsusilə də enerji sektoru dayanır. Bu ilin əvvəlində təşkil olunan əməliyyatlar zamanı da İranın enerji infrastrukturuna ciddi zərbələr endirilmiş və bu sahə böyük zərər görmüşdü".
Zeynal Əmrəliyevin sözlərinə görə, ABŞ-nin həm iqtisadi sanksiyalar, həm də birbaşa hərbi zərbələr formasında bu cür hücumları yenidən həyata keçirmək ehtimalı oldukça yüksəkdir:
"Bununla yanaşı, tərəflər arasında ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, pərdəarxası danışıqların getdiyi barədə məlumatlar da mövcuddur. ABŞ-ın vitse-prezidenti Ceyms Devins ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arasında müəyyən təmasların olduğu bildirilir. Lakin bütün diplomatik siqnallara və təmas iddialarına baxmayaraq, Donald Trampın son bəyanatları Vaşinqtonun Tehrana qarşı daha kəskin və yeni addımlar atmağa hazırlaşdığını aydın şəkildə nümayiş etdirir".
Zeynəb Həsən
16:00 10.10.2026
Oxunuş sayı: 156