Britaniya kəşfiyyatından Rusiya təhdidi ilə bağlı ciddi xəbərdarlıq
Böyük Britaniyanın daxili kəşfiyyat xidməti MI5 Ukraynaya hərbi yardım göstərən Britaniya şirkətlərini Rusiyanın mümkün təxribat hücumlarına qarşı təcili təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, son aylarda Rusiyanın Avropadakı müdafiə sənayesi müəssisələrinə qarşı təxribat cəhdləri intensivləşib. Xüsusilə Ukraynaya silah, hərbi avadanlıq və digər zəruri materiallar tədarük edən şirkətlərin hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edilib.
MI5-in məlumatına görə, bu cür hücumlar əsasən vasitəçi şəxslərdən istifadə edilməklə həyata keçirilir. Təxribat üsulları arasında obyektlərin yandırılması və digər fiziki hücumlar yer alır.
“Son aylarda Rusiya Avropanın müdafiə sektoru ilə əlaqəli obyektlərinə qarşı təxribat törətmək cəhdlərini artırıb”, – deyə Britaniya kəşfiyyatının xəbərdarlığında bildirilib.
Britaniya təhlükəsizlik rəsmiləri noyabrın 24-də müdafiə sənayesi şirkətlərini mühafizə tədbirlərini gücləndirməyə və fəaliyyətləri ilə bağlı açıq məlumatların yayılmasını məhdudlaşdırmağa çağırıblar.
Şirkətlərə əməkdaşlarının, istehsalat obyektlərinin və əməliyyatlarının mümkün hücumların hədəfinə çevrilməsinin qarşısını almaq üçün təcili tədbirlər görmək tövsiyə olunub.
Britaniya təhlükəsizlik qurumlarının qiymətləndirməsinə görə, Moskvanın bu fəaliyyətlərdə məqsədi Qərb ölkələrinin Ukraynaya göstərdiyi hərbi dəstəyi zəiflətməkdir.
16:56 24.11.2026
Oxunuş sayı: 31