ABŞ hərbçiləri üçün Tayvan yaxınlığında hava limanı modernləşdiriləcək
Filippin hakimiyyəti Tayvan yaxınlığında yerləşən Basko hava limanını ABŞ hərbi qüvvələrinin istifadəsini asanlaşdırmaq məqsədilə modernləşdirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, layihə Filippinin ən şimalında, Tayvana yaxın yerləşən Batanes əyalətində həyata keçiriləcək.
Modernləşdirmə nəticəsində ABŞ və Filippin hərbi qüvvələrinin hava limanından istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Layihənin məqsədləri arasında hərbi-logistika imkanlarının artırılması ilə yanaşı, təbii fəlakətlər zamanı operativ yardımın göstərilməsi və kommersiya təchizat zəncirlərinin yaxşılaşdırılması da yer alır.
Qeyd edək ki, Basko hava limanı Tayvandan təxminən 190 kilometr məsafədə yerləşir. Bu ərazi Tayvan boğazı ətrafında mümkün təhlükəsizlik böhranı baxımından strateji əhəmiyyət daşıyır.
ABŞ və Filippin arasında müdafiə əməkdaşlığının genişləndirilməsi Vaşinqtonun regiondakı hərbi mövcudluğunun gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
15:09 24.11.2026
Oxunuş sayı: 32