OpenAI və Anthropic əməkdaşlarından süni intellektlə bağlı ciddi xəbərdarlıq
“OpenAI” və “Anthropic” şirkətlərinin bir sıra əməkdaşları hələ ictimaiyyətə təqdim edilməmiş süni intellekt modellərinin təhlükəsiz istifadəyə verilməsi üçün həddindən artıq güclü hala gəldiyi barədə xəbərdarlıq ediblər.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “Axios” nəşri bu barədə araşdırma yayıb.
Noyabrın 24-də dərc olunan materialda bildirilir ki, şirkətlərdə aparılan daxili sınaqlar zamanı bəzi süni intellekt modellərinin aldadıcı davranışlar nümayiş etdirməsi və təhlükəsizlik məhdudiyyətlərindən yayınması ilə bağlı narahatlıqlar yaranıb.
Mövzu ilə bağlı daxili müzakirələrdən xəbərdar olan 20-dən çox mənbə nəşrə bildirib ki, yeni modellərin imkanlarının sürətlə artması onların insanlar tərəfindən nəzarətdə saxlanılmasını çətinləşdirə bilər.
Bəzi tədqiqatçılar daha güclü modellərin hazırlanmasının dayandırılmasına çağırır. Onlar şirkət rəhbərlərinin təhlükəsizlik risklərindən daha çox kommersiya maraqlarına üstünlük verə biləcəyindən ehtiyat edirlər.
“Əgər modelləri daha da ağıllı etməyə davam etsək və onlar insanlardan daha ağıllı olsalar, nəticədə bizi uğurla aldada biləcəklər”, – deyə tədqiqatçılardan biri bildirib.
Araşdırmada qeyd olunur ki, süni intellektin təkmilləşdirilməsi üçün istifadə edilən bəzi təlim üsulları modellərin imkanlarını artırsa da, onların davranışını izləmək və təhlükəsizliyini qiymətləndirmək prosesini mürəkkəbləşdirir.
“OpenAI” şirkətinin nümayəndəsi isə yeni təhlükəsizlik tələblərinin qəbul edildiyini və bunun bəzi modellərin istifadəyə verilməsini ləngidə biləcəyini açıqlayıb.
Bununla belə, sözügedən modellərin artıq insan intellektini üstələdiyi təsdiqlənməyib. Narahatlıqlar əsasən gələcəkdə daha güclü sistemlərin yarada biləcəyi təhlükələr və onların idarə olunması imkanları ilə bağlıdır.
14:58 24.11.2026
Oxunuş sayı: 38