Lökbatanda 10 yaşlı qız avtomobil qəzasında ölüb
Lökbatanda avtomobilin vurduğu 10 yaşlı qız həyatını itirib. Hadisə yaşayış zonasında baş verib.
Crossmedia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 22-də saat 13:00 radələrində Lökbatan qəsəbəsində yerləşən yaşayış zonalarından birində qeydə alınıb. Yaşıdları ilə oynayan qız meydançadan kənara düşən topunu götürmək üçün yolun hərəkət hissəsinə qaçaraq çıxıb və avtomobil onu vurub.
BDYPİ-nin məlumatında sürücünün yaşayış zonası üçün nəzərdə tutulan sürət həddini aşmış ola biləcəyi və buna görə yola çıxan uşağı vaxtında görmədiyi ehtimalı da qeyd olunub.
İdarə xatırladıb ki, uşaqların, yeniyetmələrin və digər piyadaların çox olduğu yaşayış zonalarında həm sürücülərin, həm də piyadaların üzərinə xüsusi məsuliyyət düşür.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri belə ərazilərdə sürəti azaltmağa, ehtiyatlı hərəkət etməyə və piyadalara qarşı diqqətli davranmağa çağırıb.
12:44 24.11.2026
Oxunuş sayı: 39