Almaniya XİN rəhbərindən Putinə: Krımı və Donbası Ukraynaya qaytarsın
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya Prezidenti Vladimir Putinin Avropada 1997-ci ildə mövcud olmuş təhlükəsizlik sisteminə qayıtmaq tələbinə münasibət bildirərək Moskvanı Krımı və Ukraynanın şərqində işğal etdiyi əraziləri geri qaytarmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın UNIAN informasiya agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 23-də Berlində NATO Parlament Assambleyasının iclasında çıxış edən Vadeful Rusiyanın Avropa təhlükəsizlik sistemini 1997-ci ildəki vəziyyətə qaytarmaq çağırışlarını qeyri-ciddi adlandırıb.
“Putinin 1997-ci ildəki vəziyyətə qayıtmaq barədə danışması, əlbəttə, ciddi deyildi. Çünki bu, onun Ukraynanın şərqində hazırda işğal olunmuş bütün əraziləri və Krımı geri qaytarmalı olduğu anlamına gələrdi”, – deyə nazir bildirib.
Almaniya XİN rəhbəri Rusiyanın buna hazır olduğuna inanmadığını vurğulayıb.
“Bəs Rusiyada həqiqətən bunu etməyə hazırlıq varmı? Mən belə düşünmürəm. Ona görə də gəlin ciddi olaq”, – deyə Vadeful əlavə edib.
Nazir qeyd edib ki, Avropanın təhlükəsizlik sisteminin hüquqi əsasları artıq mövcuddur və Rusiya da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir.
13:55 24.11.2026
Oxunuş sayı: 30