Elçin Mirzəbəyli: Türk dünyasını birləşdirən əsas dəyərlər milli kimlik, ortaq mədəniyyət və dildir - MÜSAHİBƏ
Dünyada siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi,
beynəlxalq münasibətlər sisteminin yeni reallıqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın
qarşısında dayanan strateji vəzifələr, milli maraqların qorunması və gələcək
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Ölkənin
daxili inkişaf gündəliyi ilə yanaşı, regional və qlobal miqyasda baş verən
hadisələr də Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik prioritetlərinə
birbaşa təsir göstərir.
Dövlət büdcəsinin formalaşdırılması, maliyyə vəsaitlərinin
prioritet istiqamətlər üzrə bölüşdürülməsi, iqtisadi inkişafın dayanıqlılığı,
qeyri-neft sektorunun perspektivləri və sosial-iqtisadi siyasətin əsas hədəfləri
ölkənin gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Eyni
zamanda, parlamentin qanunvericilik və ictimai-siyasi proseslərdə rolu, dövlət
idarəçiliyinin səmərəliliyi, cəmiyyətin gözləntiləri və siyasi institutların
qarşısında duran vəzifələr də aktual müzakirə mövzularıdır.
Beynəlxalq münasibətlərdə güc balansının dəyişməsi, qlobal
siyasi mərkəzlər arasında rəqabət, yeni dünya nizamının formalaşması və bu
proseslərin Cənubi Qafqaza təsiri Azərbaycanın regional siyasətini daha da əhəmiyyətli
edir. Milli təhlükəsizlik maraqları, qonşu dövlətlərlə münasibətlər və mürəkkəb
geosiyasi şəraitdə müstəqil mövqeyin qorunması ölkənin xarici siyasət gündəliyində
xüsusi yer tutur.
Azərbaycan–Türkiyə münasibətlərinin strateji əhəmiyyəti, iki
ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın perspektivləri, Türk
dünyasının inteqrasiyası və ortaq gələcəyi də diqqət çəkən əsas istiqamətlərdəndir.
Bununla yanaşı, təhsilin keyfiyyəti, insan kapitalının inkişafı, milli kimliyin
və dövlətçilik dəyərlərinin qorunması cəmiyyətin uzunmüddətli inkişafı
baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bu məsələlər Azərbaycanın gələcək inkişaf modeli, regional və beynəlxalq proseslərdə mövqeyi və milli prioritetlərlə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Crossmedia.az-a müsahibə verib:
- İlk sualım dövlət büdcəsinin birinci oxunuşda qəbul edilməsi ilə bağlıdır. Üç gün davam edən müzakirələri qısa şəkildə ümumiləşdirmək çətindir. Bununla belə, sizin təcrübənizi və peşəkarlığınızı nəzərə alaraq, əsas məqamlarla bağlı fikirlərinizi öyrənmək istərdim. Müzakirələr zamanı hansı məsələləri diqqətə çatdırdınız? Hökumətin nəzərinə hansı məqamları çatdırmağa çalışdınız? Sizcə, hansı istiqamətlər prioritet olmalıdır?
- İlk növbədə qeyd etmək lazımdır ki, büdcə zərfi kifayət qədər geniş sənəddir. Onu hətta uzun müddət ərzində öyrənmək və mənimsəmək sahə üzrə peşəkar olmayan insanlar üçün çətindir. Bu, reallıqdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, büdcə sənədləri peşəkarlar tərəfindən dövlətin mövcud imkanları və gələcək strateji hədəfləri nəzərə alınmaqla hazırlanır. Təbii ki, razılaşdığımız və razılaşmadığımız məqamlar ola bilər. İnsanların sayı qədər fərqli mövqelər, yanaşmalar və subyektiv mülahizələr mövcuddur. Büdcə isə mahiyyət etibarilə hökumətin təqdim etdiyi obyektiv sənəddir. Bu sənəddə hər kəsin fərdi mövqeyinin nəzərə alınması mümkün deyil. Millət vəkili olaraq bizim əsas vəzifələrimizdən biri təmsil etdiyimiz rayonlarda qarşılaşdığımız problemləri və digər mühüm məsələləri hökumətin diqqətinə çatdırmaqdır. Burada söhbət şəxsi xarakterli məsələlərdən deyil, prioritet və fundamental əhəmiyyət daşıyan problemlərdən gedir. Büdcəyə münasibətdə təhlil xarakterli mövqelər də ifadə olunur. Kimlərsə sosial sahəyə daha çox diqqət ayrılmasını vacib hesab edir, digərləri mədəniyyət, elm və təhsil sahələrinə əlavə vəsait yönəldilməsini zəruri sayır. Hər kəsin öz baxış bucağı var. Birinci oxunuş zamanı deputatlar, əsasən, ümumi mövqelərini ifadə edirlər. Mən də seçicilərlə görüşlər zamanı səsləndirilən və Ağsu rayonunun iqtisadiyyatı, inkişafı, aqrar sektoru, yol-nəqliyyat və kommunikasiya infrastrukturu, məktəbləri ilə bağlı fundamental əhəmiyyət daşıyan məsələləri diqqətə çatdırdım. Büdcə müzakirələri yalnız plenar iclaslarla məhdudlaşmır. Ayrı-ayrı komitələrdə də müzakirələr aparılır. Mən Elm və təhsil komitəsinin, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Hər iki komitədə hökumət üzvlərinin, bir neçə komitənin birgə iştirakı ilə keçirilən toplantılarda iştirak etmişik. Bu proseslər birinci plenar iclasa qədər davam edib. Deputatlar müxtəlif təklif və təşəbbüslərlə çıxış ediblər. Düşünürəm ki, növbəti büdcə müzakirələrində artıq konkret istiqamətlər, büdcənin ayrı-ayrı təsnifatları üzrə mövqelərimizi daha ətraflı ifadə edəcəyik. Birinci oxunuş konseptual yanaşmaların ortaya qoyulması baxımından əhəmiyyətlidir. İkinci müzakirələrdə isə büdcənin ayrı-ayrı bölmələrinə münasibətdə daha konkret fikirlər səsləndiriləcək. Nəticə etibarilə düşünürəm ki, növbəti büdcə müzakirələri də maraqlı olacaq.
- Siz bir neçə sahəni kompleks şəkildə qeyd etdiniz. İstər Ağsu rayonu, istərsə də ümumilikdə dövlət büdcəsi baxımından daha çox prioritet hesab etdiyiniz, ictimaiyyət üçün açıqlanmasını vacib saydığınız məsələləri bir qədər ətraflı izah etməyinizi istərdim.
- Büdcə layihəsinə yanaşma ilə bütövlükdə konseptual yanaşma arasında fərq var. Düşünürəm ki, ümumi konseptual məsələlərə diqqət çəkmək daha vacibdir. Çünki bunlar nəticə etibarilə hökumətin fəaliyyətinə təsir göstərən və onun fəaliyyət istiqamətlərini müəyyənləşdirən məqamlardır. Düzdür, mən iqtisadçı deyiləm, amma bütün məsələlərin kökündə iqtisadiyyat dayanır. Bu baxımdan hesab edirəm ki, hökumət iqtisadi sahədə islahatları daha da intensivləşdirməli, iqtisadiyyata dövlətin müdaxilə imkanlarını azaltmalıdır. Bazar iqtisadiyyatının mahiyyətinə uyğun olaraq, iqtisadiyyat daha sərbəst fəaliyyət göstərməlidir. Bu, özəl sektorun inkişafına, kiçik biznesin və orta sahibkarlığın genişlənməsinə zəmin yarada bilər. Nəticədə dövlət büdcəsində qeyri-neft sektorunun payı da artar. Eyni zamanda, bu istiqamətdə düşüncə tərzinin dəyişməsinə ehtiyac var. Müasir Azərbaycan gənci təşviq edilməli, onun öz biznesini qurması üçün imkanlar yaradılmalıdır. Gənclər yalnız dövlət qurumlarında işləmək məqsədilə imtahanlara hazırlaşmamalı, müəyyən bal topladıqdan sonra iş axtarmaq və uzun müddət gözləmək məcburiyyətində qalmamalıdırlar. İqtisadi inkişafın istiqamətini bu yanaşmaya uyğun dəyişmək, islahatları daha da dərinləşdirmək və intensivləşdirmək zəruridir. Bu, şübhəsiz ki, dövlət büdcəsinə də müsbət təsir göstərəcək. Digər mühüm istiqamət elm və təhsil sahəsidir. Mən bu sahəni təmsil etdiyim üçün məsələyə fundamental yanaşmanın tərəfdarıyam. Təhsilin keyfiyyətini artırmaq üçün, ilk növbədə, məktəbin və müəllimin nüfuzunu yüksəltmək lazımdır. Bunun üçün çoxpilləli imtahan sistemindən imtina edilməli, orta məktəbdə əldə olunan bilik və nəticələr əsasında universitetlərə qəbul mexanizmi formalaşdırılmalıdır. Dünyada tətbiq olunan mexanizmləri yenidən kəşf etməyə ehtiyac yoxdur. Bütün fənlər üzrə məktəbdə əldə olunan nəticələr ali təhsilə qəbul zamanı nəzərə alınarsa, bu, məktəbin nüfuzunun və təhsildəki rolunun artmasına xidmət edər. Belə bir yanaşma repetitorların deyil, məktəbin rolunu gücləndirər. Mən problemlərin köklü şəkildə həllinin tərəfdarıyam. Eyni zamanda, məktəblərin şagirdlərə təqdim etdiyi təhsil imkanlarının və mexanizmlərinin genişləndirilməsini vacib hesab edirəm. Ali təhsil sahəsində də Bolonya sistemi ilə keçmiş sovet sisteminin sintezindən imtina edilməsinin tərəfdarıyam. Bu keçid dövrü kifayət qədər uzun çəkib. Düşünürəm ki, problemin həlli ilə bağlı müvafiq qanunvericilik artıq Milli Məclisə təqdim edilməli və məsələ öz həllini tapmalıdır. Məktəb tikintisi, məktəblərin birləşdirilməsi və optimallaşdırılması məsələlərinə də fərqli yanaşmaq lazımdır. Mənim qənaətimə görə, ucqar dağ kəndində bir uşaq belə yaşayırsa, dövlət onun təhsil hüququnu təmin etməlidir. Zərurət yarandıqda həmin uşağın başqa ərazidə təhsil alması üçün nəqliyyat təmin edilməlidir. Təhsilin davamlılığı pozulmamalıdır. Bütün məsələlərə yalnız büdcəyə qənaət prizmasından yanaşılması gələcəkdə ideoloji və digər müstəvilərdə ciddi problemlərə səbəb ola bilər. Hesab edirəm ki, elm, təhsil və mədəniyyət sahələrində düşünülmədən edilən bir qəpiklik qənaəti 10 ildən sonra bir milyonluq resursla belə aradan qaldırmaq mümkün olmayacaq. Bu sahələrə daha ciddi yanaşmaq, büdcənin hazırlanması zamanı millətin gələcəyini, təhsilini, elmini və mədəniyyətini nəzərə almaq lazımdır.
- Elçin bəy, qeyd etdiyiniz məqamlar, xüsusilə təhsil, elm və mədəniyyətlə bağlı fikirləriniz maraqlı idi. Bir qəpiklik qənaətin gələcəkdə böyük itkilərə səbəb ola biləcəyi fikri də çox dəyərlidir. Digər bir məsələni də müzakirə etmək istərdim. Sosial şəbəkələrdə deputatlara və icra başçılarına qarşı tənqidlər, müxtəlif paylaşımlar və təzyiqlər müşahidə olunur. Hər hansı bir paylaşımın altında tez-tez “Deputatlar haradadır?”, “Bunlar nə işlə məşğuldurlar?”, “İcra başçıları heç bir iş görmürlər” kimi fikirlər səsləndirilir. Siz bu münasibəti necə qiymətləndirirsiniz? Deputatların fəaliyyəti barədə cəmiyyətdə hansı təsəvvürlər formalaşır? Deputatlar əslində nə işlə məşğuldurlar?
- Deputatların fəaliyyəti ilə bağlı ilk növbədə “Deputatın statusu haqqında” qanuna nəzər salmaq lazımdır. Cəmiyyətimizin əhəmiyyətli bir hissəsi qısa xəbərlərdən başqa mətnlər oxumağa meyilli olmadığı üçün bu qanunu oxumağı tövsiyə etməyəcəyəm. Onsuz da oxumayacaqlar. Amma mənim sözlərim qalacaq. Qanunvericiliyə uyğun olaraq deputatın əsas fəaliyyət istiqamətlərindən biri qanunvericilik fəaliyyəti ilə məşğul olmaqdır. Seçicilərin deputata münasibəti də, əslində, ilk növbədə onun bu fəaliyyətindən qaynaqlanmalıdır. Təbii ki, biz seçicilərin şəxsi problemləri ilə bağlı məsələləri də qaldırırıq. Qanunda seçicilərlə iş deputatın fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulur. Lakin bu işin konkret mexanizmləri, istiqamətləri və təşkili ilə bağlı geniş tənzimləmə yoxdur. Bu da seçicilərlə işə deputatların şəxsi təşəbbüslərinin və yanaşmalarının nə qədər əhəmiyyətli olduğunu göstərir. Biz insanları dinləyirik. Mən faktiki olaraq ayda ən azı iki dəfə Ağsuya gedirəm. Rayonun müxtəlif kəndlərində, məsafəsindən asılı olmayaraq, insanlarla yerində görüşür, onların problemlərini dinləyirəm. Rayon mərkəzində və şəhərdə də qəbul günlərimiz olur. Bəzən bir gün ərzində iki-üç vətəndaş qəbulu keçiririk. Vətəndaşların problemlərini dinləmək, müvafiq qurumlara sorğular göndərmək, bu sorğuları təhlil etmək və hansı sahələrdə daha çox problem olduğunu müəyyənləşdirmək bizim fəaliyyətimizin mühüm hissəsidir. Mən sadəcə sorğu göndərməklə kifayətlənmirəm. Müraciətlərin hansı sahələr üzrə daha çox olduğunu təhlil edirəm. Əgər müəyyən istiqamətdə problemlər daha çoxdursa, deməli, həmin sahəyə diqqət artırılmalıdır. Büdcə müzakirələri zamanı da seçicilərin müraciətlərinin təhlili əsasında hansı istiqamətlərə daha çox diqqət yetirilməsinin zəruriliyini qeyd etdim. Deputatın fəaliyyəti, eyni zamanda, ictimai proseslərdə fəal iştirak etmək, milli maraqlarımızı müdafiə etmək, təmsil olunduğu komitələrin istiqamətləri üzrə çalışmaq və bu fəaliyyətə töhfə verməkdən ibarətdir. Deputatın fəaliyyəti kifayət qədər genişdir. Düşünürəm ki, istənilən seçici bir gün ərzində bizim fəaliyyətimizi izləsə, üzərimizdəki iş yükünü və məsuliyyəti daha yaxşı anlaya bilər. Tənqidi münasibəti normal qəbul edirəm. Amma tənqid etik çərçivələr daxilində, məsələnin mahiyyətini bilməklə aparılmalıdır. Məsələn, büdcə müzakirələri zamanı deputatlara çıxış üçün beş dəqiqə vaxt verilir. Bu da normaldır. Hökumət qurumlarının nümayəndələri aylarla və ya günlərlə Milli Məclisdə oturub büdcə müzakirələrində iştirak edə bilməzlər. Hər kəsin öz işi var və müzakirələr müəyyən müddət ərzində yekunlaşmalıdır. Hazırda parlamentdə 124 deputat var. Təsəvvür edin, onların hər biri beş dəqiqə danışsa, bu, nə qədər vaxt aparar. Buna görə də biz çıxışlarımızı lakonik və sistemli şəkildə hazırlamalı, mövqeyimizi qısa müddətdə ifadə etməliyik. Bəzən çıxışlarımın altında “üzündən oxuyur” kimi şərhlər yazılır. Halbuki məni tanıyan hər kəs bilir ki, danışmaqla bağlı heç bir problemim yoxdur. İstənilən məsələni saatlarla müzakirə edə bilərəm. Amma ayrılmış vaxt çərçivəsində bütün fikirləri ifadə etmək üçün çıxışı əvvəlcədən hazırlamaq və yazılı şəkildə təqdim etmək məcburiyyətindəyik. Belə hallarda əsas məqam diqqətdən kənarda qalır. İnsanlar bəzən çıxışın məzmununa deyil, onun formasına münasibət bildirirlər. Hətta hansı rayonun problemi haqqında danışdığınızı dinləmədən başqa rayonla bağlı suallar verirlər. Məsələn, mən Ağsu haqqında danışarkən kimsə Ağcabədidə hansı problemin həll olunmadığını soruşur. Halbuki mənim Ağcabədidə baş verənlər barədə məlumatım olmaya bilər. Bu cür yanaşmalar mövcuddur. Bununla yanaşı, obyektiv münasibət göstərən insanlar da çoxdur. Ağsu sakinlərinə fəaliyyətimi dəstəklədiklərinə, mənə motivasiya verdiklərinə və problemlərin həlli istiqamətində öz fikirlərini çatdırdıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün ən sevindirici məqam onların məni yalnız deputat kimi deyil, ziyalı kimi də dəstəkləmələridir. Şou yaratmadan, emosiyalara qapılmadan, məsələnin mahiyyətinə və məzmununa xidmət edən fikirlər səsləndirdikdə Ağsu sakinlərinin münasibətini hiss edirəm. Deputatın nə iş gördüyü sualına hər kəs özü də cavab verə bilər. Mənim üzərimdə məsuliyyət var. Harada olmağımdan asılı olmayaraq, bu məsuliyyət hissi əvvəlki fəaliyyətimdə də olub. Media sektorunda çalışarkən də eyni məsuliyyəti daşıyırdım. Əsas məsuliyyət vicdanlı olmaq, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmək üçün çalışmaqdır.
- Elçin bəy, sualların coğrafiyasını bir qədər genişləndirmək istəyirəm. Çin, Rusiya və ABŞ arasında dialoq və görüşlər baş verir. Çində liderlərin görüşü keçirilib. Qərb mətbuatı bu görüşü növbəti Potsdam konfransına bənzədir, müxtəlif müqayisələr aparır. Daha çox səslənən fikirlərdən biri isə dünyanın yenidən bölüşdürülməsi ilə bağlıdır. Sizcə, dünya yenidən bölüşdürülürmü?
- Bəzi nəzəriyyələrə görə, dünyanın taleyi ilə bağlı məsələlər göz önündə olan siyasi aktorlar tərəfindən deyil, bağlı qapılar arxasında, böyük maliyyə imkanlarına və gücə malik mərkəzlər tərəfindən müəyyənləşdirilir. Bu yanaşmalarda dövlət strukturlarından daha çox biznes və maliyyə güclərinin roluna diqqət çəkilir. Dünya resurslarının bölüşdürülməsi, beynəlxalq münasibətlər sistemindəki dəyişikliklər, klassik və müasir geosiyasi nəzəriyyələr — bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Bu prosesləri qiymətləndirmək üçün, məncə, indiyə qədər baş verənləri və gələcək inkişaf ehtimallarını nəzərə almaq lazımdır. Hazırda ABŞ, Çin və Rusiya arasında fundamental rəqabətin olduğunu söyləyə bilmərik. Bu rəqabət daha çox ABŞ–Çin münasibətlərində özünü qabarıq şəkildə göstərir. Burada həm rəqabət, həm də müəyyən məsələlər üzrə əməkdaşlıq mövcuddur. Eyni zamanda Çin və Rusiya münasibətlərində onların bərabərhüquqlu geosiyasi güclər olduğunu söyləmək mümkün deyil. Rusiya prezidentinin köməkçisinin əlindəki çanta ilə müəyyən mesajlar verilməyə çalışıldı. Bununla Rusiyanın nüvə dövləti və güc mərkəzi olduğu diqqətə çatdırılmaq istənildi. Nüvə silahı müasir dövrdə çəkindirici resursdur, lakin həlledici amil deyil. Dünyanı hazırda daha çox iqtisadi münasibətlər, maliyyə resursları və imkanlar idarə edir. Bu baxımdan Rusiya ABŞ və Çinlə müqayisədə bərabərhüquqlu iqtisadi və geosiyasi potensiala malik deyil. Əlbəttə, ayrı-ayrı məsələlər üzrə müzakirə ediləcək, uzlaşdırılacaq məqamlar var. Amma dünyanın bölüşdürülməsi yalnız üç və ya iki gücün imkanlarından asılı deyil. Hazırda qlobal güclərlə yanaşı, regional və orta güclər də mövcuddur. İstənilən regionda müəyyən məsələlərin uzlaşdırılması və həyata keçirilməsi zamanı həmin güclərlə hesablaşmaq zəruridir. Avropa İttifaqını bu proseslərdən kənarda təsəvvür etmək olmaz. O, əsas iqtisadi güc mərkəzlərindən biridir. Böyük Britaniyanı da prosesdən kənarda qoymaq mümkün deyil. Bu dövlətin diplomatik və iqtisadi imkanları dünyanın müxtəlif istiqamətlərinə təsir göstərir. Əgər söhbət Mərkəzi Asiya və Cənubi Qafqazdan gedirsə, bu regionlarda Azərbaycanın mövqelərini nəzərə almadan hər hansı addımın həyata keçirilməsi geostrateji və geosiyasi baxımdan mümkün deyil. Dünyanın üç, yaxud iki dövlət tərəfindən bölüşdürülməsi fikri daha çox konspiroloji nəzəriyyəyə bənzəyir. Dünya artıq əvvəlki dünya deyil. İkinci Dünya müharibəsindən sonrakı reallıqlar tamamilə dəyişib. Beynəlxalq hüququn effektivliyinin azalmasının və BMT-nin öz funksionallığını itirməsinin səbəblərindən biri də məhz müasir reallıqların müharibədən sonrakı dövrdən ciddi şəkildə fərqlənməsidir. Böyük dövlətlər öz maraqlarına uyğun olaraq müəyyən məsələləri razılaşdıra və uzlaşdıra bilərlər. Bu, nəqliyyat-kommunikasiya, enerji, ərzaq təhlükəsizliyi və qlobal təchizat zəncirlərindəki problemlərin aradan qaldırılması ilə bağlı ola bilər. Amma dünyanın iki və ya üç dövlət tərəfindən bölüşdürülməsi mümkün deyil.
- Elçin bəy, bu konspiroloji nəzəriyyələr davam edir. Səsləndirilən fikirlərə görə, bu görüşdən sonra dünya yenidən bölüşdürüləcək və Cənubi Qafqaza münasibət dəyişəcək. Siz necə düşünürsünüz, Azərbaycanın gələcəyi necə olacaq?
- Azərbaycanın vəziyyəti çox yaxşı olacaq. Bölgədə inkişaf edən proseslər, Azərbaycanın Mərkəzi Asiyanın dost və qardaş dövlətləri ilə münasibətləri, eləcə də həyata keçirdiyi aktiv diplomatiyanın hədəf və məqsədləri ölkənin gələcəyini formalaşdırmağa xidmət edir. Biz strateji hədəflərimizə doğru səbrlə, inadla və bütün məqamları hesablayaraq addımlayırıq. Bunu görməmək mümkün deyil. Kimlərinsə müvəqqəti olaraq özünə yaratdığı “ulduz effekti” ilə bağlı yanaşmalar var. Bilirsiniz, göydə ulduz da sayrışır, komet də. İranın və Rusiyanın bölgəyə qayıdacağı, xüsusilə İranın yenidən təsir göstərəcəyi ilə bağlı fikirlər, mənim qənaətimə görə, belə müvəqqəti sayrışmalardan başqa bir şey deyil.
Gələcəyi proqnozlaşdırmaq üçün real məqamlar üzərində
dayanmaq lazımdır. Müharibələrin müəyyən mərhələsindən çıxış edərək ümumi fona
münasibət bildirmək və strateji məsələlər üzrə proqnozlar vermək doğru deyil. İranın
iqtisadiyyatına, inflyasiyanın səviyyəsinə, maliyyə problemlərinə və
sanksiyaların təsirinə diqqət yetirmək lazımdır. Ölkə qapalı olduğu üçün məlumat
əldə etmək çətin olsa da, bu mümkündür. Müəyyən dövrlərdə milli birləşmə və
müdafiə instinkti insanların müqavimət gücünü artıra bilər. Lakin bu, uzunmüddətli
proses deyil. İnsanlar ağır iqtisadi şəraitdə yaşadıqda, onların ideoloji təsirlər
altında uzun müddət saxlanılması mümkün olmur. İranın gələcəyi demokratik,
sivil və sekulyar dövlətçilikdən keçir. Bunun alternativi yoxdur. İnsan
hüquqları, azadlıqlar və xalqların milli hüquqları üzərində qurulmayan rejimlər
uzun müddət yaşaya bilməz. Bu cür sistemlər xalqların həbsxanasına çevrilir.
Sovet İttifaqı da fərqli ideologiya üzərində qurulmasına baxmayaraq, “xalqlar həbsxanası”
missiyasını yerinə yetirdi. “Sovet adamı” yaratmaq ideyası reallaşmadı, xalqlar
öz milli identikliyini və varlığını qorudu. İranda da vahid “iranlı” kimliyinin
formalaşdırılması baş tutmayıb. Bunu müxtəlif proseslərdə müşahidə etmək
mümkündür. Eyni zamanda Rusiyanın bölgədəki təsir imkanlarının da kifayət qədər
azaldığını düşünürəm. Özlərinə ümid verməyə çalışan, ideoloji prinsiplər əsasında
Azərbaycan ictimai rəyinə yanlış mesajlar ötürən qüvvələr mövcuddur. Azərbaycanla
bağlı uzun illər həyata keçirilən siyasət iflasa uğrayıb. Milyardlarla vəsait xərclənərək
Azərbaycanda müəyyən təsir mexanizmləri, agentura şəbəkələri və saxta ideoloji
prinsiplər əsasında ictimai düşüncəyə təsir imkanları formalaşdırılmağa
çalışılıb. Bu cəhdlər nəticə verməyib. Əminəm ki, həmin təsir mexanizmlərinin
qalıqları da aradan qaldırılacaq. İranın gələcəyi, əslində, Azərbaycan
Respublikasının müasir dövlətçilik modelinə uyğun inkişafdan keçir. Bunun başqa
perspektivi yoxdur. Uzun illər dünyadan təcrid olunmuş vəziyyətdə yaşamaq
mümkün deyil. Tarix də bunu sübut edir.
– Elçin bəy, belə situasiyalarda diqqətimiz Türkiyəyə yönəlir. Son vaxtlar anti-Azərbaycan və anti-Türk ovqatlı qruplar da fəallaşıb. “Azərbaycan–Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq” kimi fikirlər səsləndirilir. Siz Türk dünyası uğrunda ardıcıl mübarizə aparan, vətənpərvər mövqeyi ilə tanınan bir şəxs kimi bu məsələlərə necə yanaşırsınız? Azərbaycan–Türkiyə münasibətlərinin gələcəyini necə görürsünüz?
- İlk növbədə, bu yanaşmanı bir qədər düzəltmək lazımdır. Bizim gözümüz həmişə özümüzdə olub, ürəyimiz isə qardaşlarımızla birlikdə. Biz düşünmüşük ki, vahid strategiya əsasında ortaq gələcək qura bilərik. “Türk dünyası bizim ailəmizdir” tezisi də Azərbaycanın dövlət başçısına məxsusdur. Azərbaycan Türk dünyasının bütövlüyü və onun ideoloji əsaslarının formalaşdırılması uğrunda ən böyük mübarizə aparan ölkələrdən biridir. Bu baxımdan hesab edirəm ki, Türk dünyasının ideoloji mərkəzi rolunda Azərbaycan çıxış edir. Münasibətlərin bərabərhüquqlu olması istiqamətində atılan addımlar zəruridir və bu münasibətlər qarşılıqlı xarakter daşımalıdır. Azərbaycan–Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin, sosial şəbəkələrdəki şərhlərin, tezis və antitezislərin təsirindən asılı olan məsələ deyil. Bu, iki xalqın və iki dövlətin uzun illər ərzində keçdiyi yol, formalaşdırdığı münasibətlər və qazandığı təcrübədir. Bununla yanaşı, proseslərdə müəyyən yanlışlıqları da görmək və qiymətləndirmək lazımdır. Azərbaycanın bir çox məsələlərdə nümayiş etdirdiyi təmkinli, dözümlü və obyektiv mövqe reallıqların düzgün qiymətləndirilməsi üçün kifayət qədər əsas yaradır. Biz uzun illər dövlətçilik ənənələri olan, böyük coğrafiyaya mədəni təsir göstərmiş bir millətin nümayəndələriyik. Cənubi Qafqazdan Hindistana qədər geniş coğrafiyada mədəni düşüncənin və mədəniyyətin formalaşmasında iştirak etmişik. Azərbaycan xalqının formalaşmasında iştirak edən türk tayfaları, o cümlədən bayatlar və digər tayfalar bu prosesdə mühüm rol oynayıblar. Mərkəzi Asiyada yaşayan qardaş xalqlarımız da böyük dövlətçilik ənənələrinə malikdirlər. Özbəklər, qazaxlar, qırğızlar və digər türk xalqlarının tarixində dövlət quruculuğu ənənələri mühüm yer tutur.
Yetmiş və ya iki yüz illik dövr dövlətçilik şüurunu, milli
kodları və qan yaddaşını silmək gücündə deyil. Bu yanaşma Türk dövlətlərinin hər
birinə, Türk dünyasında özünü hiss edən bütün dövlətlərə xas olmalıdır. Türkiyənin
yanaşması da bu kontekstdə formalaşmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın
müstəqilliyi müəyyən tarixi dövrdə pozulub və dövlətçilik ənənələrində fasilə
yaranıb. Buna görə də bizim istiqlal və müstəqilliyə münasibətimiz uzunmüddətli,
fasiləsiz dövlətçilik ənənələrinə malik xalqlardan fərqlənir. Biz müstəqilliyimizin
qədrini daha dərindən bilirik. Azərbaycan təxminən 30 il işğal altında olub.
Suverenliyimizin zəiflədilməsi və əzilməsi istiqamətində müxtəlif hücumlarla
üzləşib. Buna görə də bizim üçün birləşdirilmiş coğrafiyada sekulyar dövlət
modelinin qorunması və inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycan,
Mərkəzi Asiyanın türk dövlətləri və bütövlükdə Türk dünyası üçün həyati məsələdir.
Sekulyarizm dövlətçiliyin əsas sütunlarından biridir. Dünyəvilik olmadan yalnız
bir ideologiyanın və ya müxtəlif ideoloji təsirlərin hökm sürdüyü dövlətlərin
hansı vəziyyətə düşdüyünü görürük. Türk Dövlətləri Təşkilatına qardaş xalqların
birliyi kimi yanaşmaq lazımdır. Buraya məzhəbçi, dinçi və digər parçalanmaya səbəb
ola biləcək yanaşmaların müdaxiləsinə yol vermək olmaz. Bizi birləşdirən əsas
amillər milli identiklik, ortaq mədəniyyət və ortaq dildir. Başqa faktorlar bu
birliyə müdaxilə etdikdə, parçalanmalara və fərqli yanaşmaların ortaya
çıxmasına səbəb olur. Bu məsələləri hər kəs anlamalıdır. Türk dünyasına yalnız
Osmanlı mirası və ya dini nöqteyi-nəzərdən yanaşmaq olmaz. Təbii ki, biz müsəlmanıq
və dinimizə hörmət edirik. Amma Türk coğrafiyasında müxtəlif xalqlar, fərqli
dünyagörüşləri və dini etiqadlar mövcuddur. Bu baxımdan yalnız dini yanaşma
birləşdirici deyil, parçalanmaya səbəb ola bilər. Bizi birləşdirən dəyərlər üzərində
inkişaf etməliyik. Mən Türkiyədə keçirilən forumların birində də bu fikirləri
açıq şəkildə ifadə etmişdim. Türk dünyasına yalnız Osmanlı mirası və ya dini
baxışlar əsasında yanaşmaq doğru deyil. Azərbaycan sekulyarizm və dünyəvilik
yolunu indi seçməyib. Bu, 1918-ci ildə seçdiyimiz yoldur. Azərbaycan Xalq
Cümhuriyyəti Türkiyənin cümhuriyyətçilik ənənələrinin formalaşmasına ilham verən
dövlətlərdən biri olub. Bu məsələlərə həssas yanaşmaq, Azərbaycan türklərini,
özbək, qazax, qırğız, türkmən və digər türk xalqlarını dövlətçilik ənənələrinə
malik xalqlar kimi qəbul etmək, onlara hörmət göstərmək lazımdır. Eyni hörməti
biz də digər xalqlara münasibətdə göstəririk.
13:01 24.11.2026
Oxunuş sayı: 34