Cavid Adıgözəlov: Sadəcə meydan dəyişib, amma Azərbaycan üçün çalışmaq həvəsim həmişəki kimi qalır
Azərbaycanın beynəlxalq miqyasda tanıdılması, milli kimliyimizin, tarixi yaddaşımızın və zəngin mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması müxtəlif istiqamətlərdə aparılan ardıcıl fəaliyyətlərin nəticəsidir. Bu prosesdə dövlətlərarası əlaqələrin genişləndirilməsi, diplomatik münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq platformalarda həyata keçirilən təşəbbüslərlə yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlıların şəxsi uğurları və ictimai fəaliyyəti də mühüm rol oynayır. Dünyanın müxtəlif guşələrində fəaliyyət göstərən soydaşlarımız öz peşəkarlıqları, qazandıqları nailiyyətlər və təşəbbüsləri ilə Azərbaycanın müsbət imicinin formalaşmasına, milli dəyərlərimizin təbliğinə və ölkəmizin beynəlxalq səviyyədə daha yaxından tanınmasına töhfə verirlər.
Bu baxımdan Azərbaycanın mədəni irsinin xarici ölkələrdə təbliği xüsusi əhəmiyyət daşıyır. Milli musiqimiz isə xalqımızın tarixini, dünyagörüşünü, mənəvi zənginliyini və özünəməxsusluğunu ifadə edən mühüm mədəniyyət nümunələrindən biridir. Universal ünsiyyət vasitəsi olan musiqi dil və coğrafi sərhədləri aşaraq müxtəlif xalqları bir araya gətirir, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və dialoqun inkişafına şərait yaradır. Xarici ölkələrdə yaşayan azərbaycanlı bəstəkarların, musiqişünasların və mədəniyyət xadimlərinin fəaliyyəti də bu baxımdan xüsusi önəm daşıyır. Onların beynəlxalq mədəni mühitdə iştirakı, yaradıcı layihələri və elmi araşdırmaları Azərbaycan musiqisinin dünyada tanıdılmasına, milli sənət ənənələrimizin yeni auditoriyalara çatdırılmasına və mədəni əlaqələrin genişlənməsinə xidmət edir.
“Zəfər diasporu” layihəsi çərçivəsində Crossmedia.az-ın budəfəki müsahibi Kolumbiyada yaşayan, peşəkar idmançı kimi fəaliyyətə başladığı yolda bu gün Azərbaycan diasporunun inkişafına töhfə verən, “Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları Assosiasiyası”nın təsisçisi Cavid Adıgözəlovdur.
- İdmandan diaspor fəaliyyətinə uzanan yolunuz kifayət qədər maraqlıdır. Peşəkar idmançı kimi qazandığınız təcrübə bugünkü ictimai fəaliyyətinizə necə təsir göstərib?

- İdman mənə intizamlı olmağı, çətinliklər qarşısında geri çəkilməməyi və insanları bir hədəf ətrafında birləşdirməyi öyrətdi. Vaxtilə rinqdə Azərbaycan bayrağını ucaldırdımsa, bu gün eyni sevgi və məsuliyyətlə vətənimizi diaspor sahəsində təmsil edirəm. Sadəcə meydan dəyişib, amma Azərbaycan üçün çalışmaq həvəsim həmişəki kimi qalır.
- 2014-cü ildə Kolumbiyaya köçmək qərarınızın əsas səbəbi nə idi? Bu ölkədə qarşılaşdığınız ilk çətinliklər və Azərbaycanlı idmançı kimi əldə etdiyiniz uğurlar barədə nə deyə bilərsiniz?
- 2014-cü ildə peşəkar idman karyeramı davam etdirmək məqsədilə Kolumbiyaya gəldim. İlk vaxtlar dil fərqi və tamamilə yeni mühitə uyğunlaşmaq müəyyən çətinliklər yaradırdı. Lakin həm idmançı xarakterim, həm də burada aldığım ali təhsil həmin maneələri aşmağıma kömək etdi. Kolumbiyada olduğum müddətdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdim. Əldə etdiyim uğurlar yerli insanların Azərbaycana marağının artmasına da müsbət təsir göstərdi.
- 2026-cı ilin may ayında “Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları Assosiasiyası”nı təsis etmisiniz. Belə bir təşkilatın yaradılması zərurəti nədən irəli gəldi və qarşınıza hansı əsas məqsədləri qoymusunuz?
- Vətəndən uzaqda yaşadıqca həmvətənlərimizin bir-birinə dayaq olması və vahid mərkəzdə birləşməsi üçün böyük ehtiyac olduğunu gördüm. Məhz bu düşüncə və istəklə 2026-cı ilin may ayında “Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları Assosiasiyası”nı yaratdıq. Əsas məqsədimiz burada yaşayan soydaşlarımızı bir araya gətirmək, milli dəyərlərimizi yaşatmaq və yerli dostlarımızla birlikdə Azərbaycanı Cənubi Amerikada daha yaxından tanıtmaqdır.
- Hazırda Kolumbiyada Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz? Orada nə qədər soydaşımız yaşayır və onların bir araya gəlməsi, milli kimliyimizin qorunması istiqamətində hansı işlər görülür?
- İcmamız hələ gənc olsa da, artıq çox səmimi və sıx bir birlik formalaşdırmışıq. Burada təhsil alan, işləyən və ailə quran soydaşlarımız var. Sayımız da getdikcə artır. Bizim üçün ən önəmlisi insanların sayı deyil, birliyimizin gücüdür. Mütəmadi görüşlər keçirir, milli bayramlarımızı birlikdə qeyd edir və Kolumbiyaya yeni gələn həmvətənlərimizə hər cür dəstək göstərməyə çalışırıq.

- Azərbaycan həqiqətlərinin, xüsusilə Qarabağ məsələsinin və ölkəmizin tarixi-mədəni irsinin Cənubi Amerikada tanıdılması istiqamətində hansı layihələri həyata keçirməyi planlaşdırırsınız? Kolumbiya ictimaiyyətinin Azərbaycana marağını necə qiymətləndirirsiniz?
- Əsas hədəfimiz Azərbaycan həqiqətlərini, Qarabağın zəngin mədəni irsini və ölkəmizin müasir inkişafını ispandilli auditoriyaya düzgün şəkildə çatdırmaqdır. Bu məqsədlə yerli universitetlər və mədəniyyət mərkəzləri ilə əməkdaşlıq çərçivəsində sərgilər və Azərbaycan mədəniyyət günləri keçirməyi planlaşdırırıq. Müşahidələrimiz göstərir ki, kolumbiyalılar Azərbaycanı yaxından tanıdıqca ölkəmizin tolerantlığına, zəngin mədəniyyətinə və qonaqpərvərliyinə böyük rəğbət bəsləyirlər.
- Azərbaycanla Kolumbiya arasında münasibətlərin inkişafında diaspor təşkilatlarının rolunu necə görürsünüz? Gələcəkdə iki ölkə arasında mədəniyyət, idman, təhsil və biznes sahələrində hansı əməkdaşlıq imkanlarını reallaşdırmaq niyyətindəsiniz?
- Diaspor xalqlar arasında ən gözəl dostluq körpüsüdür. Gələcəkdə həm idman təcrübəmə, həm də biznes sahəsindəki fəaliyyətimə əsaslanaraq iki ölkə arasında idmançıların qarşılıqlı səfərlərini, tələbə mübadiləsini və iş adamları arasında yeni əməkdaşlıqların qurulmasını təşviq etmək istəyirik. Məqsədimiz Azərbaycanla Kolumbiya arasında bütün sahələrdə səmimi və qarşılıqlı faydalı əlaqələrin inkişafına töhfə verməkdir. Bu istiqamətdə ölkəmizin Kolumbiyadakı diplomatik nümayəndəliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini hər zaman hiss edirik.
Ayhan
12:00 21.11.2026
Oxunuş sayı: 56