Pənah Hüseyn: İran qonşuları ilə konfliktə davam gətirə bilməz
Dünya siyasətində baş verən sürətli dəyişikliklər, qlobal güc mərkəzləri arasında artan rəqabət və beynəlxalq münasibətlər sistemində yaranan yeni reallıqlar region ölkələrinin də siyasi gündəliyinə ciddi təsir göstərir. Yaxın Şərqdə davam edən hərbi-siyasi proseslər, böyük dövlətlərin bölgədəki maraqları, təhlükəsizlik arxitekturasının dəyişməsi və regional ittifaqların gələcək taleyi Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artırır. Belə bir mürəkkəb şəraitdə Azərbaycanın xarici siyasət prioritetləri, strateji tərəfdaşlıqları və milli təhlükəsizlik maraqlarının qorunması xüsusi aktuallıq kəsb edir.
Digər tərəfdən, Türkiyə ilə münasibətlərin strateji müttəfiqlik səviyyəsində inkişafı, Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri və Türk dünyasının vahid siyasi, iqtisadi və təhlükəsizlik məkanına çevrilməsi istiqamətində atılan addımlar yeni müzakirələr doğurur. Eyni zamanda, Azərbaycanın əldə etdiyi geosiyasi və hərbi-siyasi uğurların daxili siyasi sistemdə hansı dəyişikliklərə yol açacağı, idarəçilik institutlarının yenilənməsi, konstitusion islahatlar, siyasi dialoqun genişləndirilməsi və müxalifətin gələcək taleyi cəmiyyətin diqqət mərkəzində olan məsələlərdəndir.
Crossmedia Analitik İnformasiya Portalının "Çarpaz baxış" layihəsinin bugünkü qonağı Azərbaycanın sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının üzvü Pənah Hüseyndir.
- İlk sualım son dövrlər gah səngiyən, gah da yenidən gərginləşən Azərbaycan–İran münasibətləri ilə bağlıdır. İran və oradakı bəzi siyasi dairələr etibarlı qonşusunu sanki düşmən obrazında təqdim etməyə çalışırlar. Bu münasibətləri və yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?
- İran öz siyasətini dəyişməsə, regionun digər qonşu dövlətləri və xalqları üçün təhdid yaratmaq kursundan imtina etməsə, regional aktorlarla qarşıdurmanın daha da dərinləşməsi qaçılmaz olacaq. Bu vəziyyət İran xalqlarının və ya Azərbaycan türklərinin deyil, məhz İran dövlətinin öz mövcudluğunu təhdid edə bilər. Hazırda regionda Rusiya–İran sövdələşməsi açıq şəkildə müşahidə olunur. İran XIX əsrin əvvəllərində Rusiya imperiyası ilə müharibədə məğlub olduqdan sonra imzalamağa məcbur qaldığı Türkmənçay müqaviləsinin nəticələrini indi yeni şəraitdə, müharibə yolu ilə deyil, siyasi sövdələşmə vasitəsilə reallaşdırmağa çalışır. Hətta son günlər Orta Asiya ilə bağlı səsləndirilən iddialar da bu kontekstdə diqqət çəkir. Bu yanaşma mənə 1919-cu ildə Paris Sülh Konfransına gedən İran nümayəndə heyətinin irəli sürdüyü «12 əyalətin birləşdirilməsi» planını xatırladır. Həmin dövrdə bu iddia qeyri-ciddi hesab edildiyindən qəbul olunmamışdı. İrandakı müəyyən dairələr anlamalıdırlar ki, ABŞ və İsrailin raketləri, bombaları qarşısında müəyyən müddət müqavimət göstərmək mümkündür. Ancaq minlərlə kilometr quru sərhədinə malik qonşularla qarşıdurma İranın öz başında çatlayacaq. Təsəvvür edin ki, Azərbaycan da Pakistan və Türkiyə ilə birlikdə şərti olaraq «Məkkə paktı» adlandırıla biləcək bir ittifaqda yer alır və bu dövlətlər özlərinə qarşı düşmən siyasət yürüdən təhlükəni aradan qaldırmaq üçün birgə addımlar atırlar. İran belə bir regional gücün qarşısında dayana bilməz. Bu müqavimətin əsas nöqtəsi və mərkəzi Azərbaycandır. Ona görə də İran Zəngəzur dəhlizinə münasibətini dəyişməli, «qırmızı xətt» ritorikasından əl çəkməli, Xəzər dənizinin dibi ilə bağlı ərazi iddialarından imtina edərək Xəzər Konvensiyasını imzalamalı və ölkənin cənubunda yaşayan Azərbaycan türklərinə münasibətdə siyasətini dəyişməlidir.
- Səsləndirdiyiniz fikirlər xəbərdarlıqdır, təhdiddir, yoxsa gələcəkdə baş verə biləcək qarşıdurma ilə bağlı proqnozdur?
- Əgər İran cəmiyyəti yalnız mühafizəkar dairələrin, SEPAH generallarının və ya Rəzainin düşüncəsini bölüşən qüvvələrin təsiri altında olsaydı, vəziyyət tamamilə fərqli olardı. Ancaq İranda Pezeşkian kimi siyasətçilər də var. İranın daxilində hansı siyasi kursun üstünlük qazanması bir çox məsələnin taleyini müəyyən edə bilər. Nə qədər qəribə səslənsə də, İsraildə, ABŞ-da və İranda bir-biri ilə müharibə aparan qüvvələr sanki eyni vərəqin fərqli üzləridir. Onların hamısının strategiyasında qiyamət gününə hesablanmış, esxatoloji yanaşmalar mövcuddur. Hazırda ABŞ və Avropada bu qüvvələrin siyasi səhnədən sıxışdırılması prosesi gedir. Bu proses başa çatarsa, İranda da oxşar dəyişikliklərin şahidi ola bilərik. ABŞ–İsrail müharibəsi dövründə region xalqları və dövlətləri İrana qarşı çıxmadılar. Əksinə, İranın parçalanmamasını və işğal olunmamasını dəstəklədilər. İranın müəyyən müddət müqavimət göstərə bilməsinin səbəblərindən biri də bu idi. Ancaq təhdidlər artmaqda davam edərsə, region dövlətlərinin mövqeləri dəyişə bilər. Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin son görüşünün simvolikası və «Biz bir yerdə olmuşuq, bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq» mesajı, mənim fikrimcə, cənuba ünvanlanmış hərbi-siyasi xəbərdarlıq idi. İran mövcud siyasətini davam etdirərsə, aqressiv şiə xilafəti ekspansiyasına qarşı ciddi regional güc mərkəzi formalaşdırılmalıdır. Belə bir seçim qarşısında Azərbaycan hətta ənənəvi qoşulmama siyasətindən də imtina edə bilər. Dünən Böyük Britaniya ilə imzalanan strateji tərəfdaşlıq sazişini də bu kontekstdə qiymətləndirmək lazımdır.
- İstər İran, istər Rusiya, istərsə də Ermənistanla münasibətlərdə yaranan gərginliklər zamanı Azərbaycan cəmiyyətinin nəzərləri əsasən Türkiyəyə yönəlir. Son həftələrdə iki ölkə arasında baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq yaratdı. Bu prosesi necə qiymətləndirirsiniz?
- Bu məsələ gündəmə gələndən bəri deyirəm ki, baş verənlər gələcəkdə geosiyasət dərsliklərinə düşəcək böyük bir siyasi gedişatdır. Diqqət edin, hazırda Bakıda Türkiyə–Gürcüstan–Azərbaycan formatında kompüter qərargah oyunları keçirilir. Bu oyunları son illərdə geosiyasi proseslərdən qalib çıxan liderlər aparırlar. Göydələnlər tikilib başa çatdıqdan sonra istismara verilməzdən əvvəl onların möhkəmliyini yoxlamaq üçün süni zəlzələ yaradılır. Burada da Azərbaycan–Türkiyə münasibətlərində bir növ süni geosiyasi zəlzələ effekti yaradıldı və bu bina sınaqdan möhkəm, üzüağ çıxdı. Baş verənlər Azərbaycan–Türkiyə münasibətlərinin və bütövlükdə Türk Dövlətləri Təşkilatının yeni mərhələyə keçidinin bir hissəsidir. Lakin bu sınaq müəyyən ciddi problemləri də üzə çıxardı. Romantizmə qapılmaq olmaz. Həm Türkiyədə, həm də Azərbaycanda bu birliyin əleyhinə olan qüvvələr mövcuddur. Bunlar təkcə xarici kəşfiyyat orqanlarının və ya «beşinci kolon»un fəaliyyəti ilə bağlı deyil. Hər iki ölkədə daxili problemlər də var. Ona görə də Azərbaycan və Türkiyədə dövlət proqramları səviyyəsində bu münasibətlərin nəzəri və praktiki şəkildə öyrənilməsinə ehtiyac var. Gənclər, alimlər və QHT-lər arasında mütəmadi konfranslar keçirilməli, bu istiqamətdə layihələrə qrantlar ayrılmalıdır. Açığını deyim, biz də narahatlıq keçirirdik. Ancaq eyni zamanda müəyyən əminliyimiz də var idi. Çünki Türk Dövlətləri Birliyinin müstəqil təhlükəsizlik məkanına və qlobal güc qütbünə çevrilməsi ideyasının əsas təşəbbüskarları və liderləri Azərbaycan və Türkiyə prezidentləridir. Onlar özlərinin qurduqları bu strateji layihəyə xələl gətirməzdilər. Bəzi şərhçilərin «Türkiyəyə getməyək», «Azərbaycana getməyək» kimi açıqlamaları isə son dərəcə vaxtından əvvəl verilmiş, cahil reaksiyalar idi. Baş verənlər, əslində, həmin yanaşmaların nə qədər yanlış olduğunu göstərdi. Əlbəttə, iki müstəqil dövlət arasında taktiki maraq fərqləri ola bilər. Necə ki, bir ailədə qardaşlar arasında bəzən əmlak və ya torpaq məsələsinə görə inciklik yaranır. Ancaq qlobal xaos şəraitində dünyanın taleyini müəyyən edən azsaylı güc mərkəzlərindən biri məhz Türkiyə–Azərbaycan birliyidir.
- İndi isə daxili siyasətə keçək. Siz Azərbaycan müxalifətinin tanınmış liderlərindənsiniz. Hazırda müxalifət düşərgəsində müəyyən sakitlik müşahidə olunur. Eyni zamanda, «müxalifət gəncləşməlidir, yaşlı siyasətçilər nə vaxta qədər partiyalara rəhbərlik edəcəklər?» kimi fikirlər səsləndirilir. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
- Özüm artıq partiya sədri olmasam da, «yaşlı adamlar» yanaşmasını qəbul etmirəm. Bir müddət ABŞ və Avropada gənc siyasətçilər hakimiyyətə gəldilər. Ancaq sonradan yenidən 80 yaş ətrafında olan liderlər ön plana çıxdı. Bu gün hamı «post-Tramp», «post-Putin», «post-Ərdoğan» dövründən danışır. Ancaq məsələ yalnız hansısa liderin hakimiyyətdən getməsi və ya onun yerinə başqasının gəlməsi deyil. Burada daha geniş, qlobal nəsillər problemi var. Bizim 1980–1990-cı illərdə siyasətə gələn nəsildən sonra formalaşan nəsil müəyyən mənada kölgədə qaldı. Ancaq indi artıq üçüncü nəsil yetişir və siyasi proseslərə qoşulur. Əsas məsələ odur ki, yeni nəsildə dağıdıcı və anarxist meyillər üstünlük təşkil etməsin. Nəsillərin dəyişməsi təbii prosesdir və bu proses sağlam siyasi düşüncə, təcrübə və məsuliyyət əsasında baş verməlidir.
- Bəs ölkədəki daxili siyasi proseslərin ümumi gedişatını və islahatların perspektivlərini necə qiymətləndirirsiniz?
- 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra həm Prezident İlham Əliyev, həm müxalifət nümayəndələri, həm də müstəqil alimlər Azərbaycan dövlətçiliyinin yeni mərhələyə daxil olduğunu bəyan etdilər. Xarici siyasətdə və təhlükəsizlik sahəsində, xüsusilə də Ermənistanın təcavüzü ilə bağlı məsələlərin həllində böyük uğurlar əldə edildi. İndi isə xarici siyasətdə qazanılan nailiyyətlərin daxili siyasətdə də öz əksini tapmasının vaxtıdır. Bu baxımdan yeni Konstitusiyanın qəbulu, konstitusion qurumların yenilənməsi, mahiyyət etibarilə fərqli seçkilərin keçirilməsi və idarəçilik institutlarının ciddi şəkildə islah olunması əsas prioritetlər olmalıdır. Qlobal xaos bir çox prosesləri ləngitsə də, iqtidarın özünün anons etdiyi və layihələri hazırlanan islahatların artıq həyata keçirilməsinə başlanılmalıdır. Müxalifət düşərgəsində bu məsələyə şübhə ilə yanaşanlar var. Ancaq mən hakimiyyətin öz təşəbbüsü ilə fundamental dəyişikliklər həyata keçirə biləcəyini mümkün hesab edirəm. Çünki iqtidarın daxilində də nəsillərin dəyişməsi prosesi gedir. Əsas məsələ bu keçidin qarşıdurma və qırılma yolu ilə deyil, əvvəlki nəslin təcrübəsindən də istifadə edilməklə, yumşaq və ardıcıl şəkildə həyata keçirilməsidir.
- Azərbaycan müxalifətinin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? Müxalifətin mövcud problemlərinin əsas səbəbləri nələrdir?
- Güclü dövlət həm də güclü müxalifətlə ölçülür. Plüralist və siyasi rəqabətin mövcud olduğu cəmiyyətlər iqtisadi, intellektual və siyasi baxımdan daha sürətlə inkişaf edirlər. Bu gün Azərbaycanda çoxpartiyalı siyasi sistemin ciddi problemləri var. Bunun məsuliyyəti təkcə müxalifətin deyil, həm də dövləti idarə edən iqtidarın üzərinə düşür. Məsələn, Ermənistanda Paşinyan «yeni müxalifət formalaşdırılmalıdır» fikrini səsləndirir. Ancaq müxalifəti süni şəkildə, inzibati nəzarət altında yaratmaq səmərə vermir. Bunun üçün sadəcə normal siyasi fəaliyyətə və rəqabətə imkan verən şərait formalaşdırılmalıdır. Digər tərəfdən, müxalifət liderlərinin əvəzlənməsi və siyasi varislik məsələsində böhran olduğunu da etiraf etməliyik. Bununla yanaşı, ölkədə 1980–1990-cı illərin məhrumiyyətlərini yaşamayan, nisbətən sabitlik dövründə böyüyən, özünü «qalib nəsil» hesab edən, intellektual səviyyəsi yüksək gənclik yetişib. İqtidarda təmsil olunan insanların övladları da bu yeni əhval-ruhiyyənin daşıyıcılarıdır. Bu nəsil Azərbaycan üçün böyük şansdır. İqtidarda da menecer tipli yeni idarəçilər nəsli formalaşır. Ancaq bir məqamı unutmaq olmaz: dövlət şirkət deyil. Dövlət idarəçiliyi biznesin idarə olunmasından fərqli yanaşma və siyasi məsuliyyət tələb edir. Yerli icra hakimiyyəti sistemində və kadr təyinatlarında, o cümlədən «Naxçıvan eksperimenti»ndə gözlənilən nəticələr hələ tam əldə olunmayıb. 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində başlayan siyasi dialoq və Prezident Administrasiyasında bu məqsədlə müvafiq şöbənin yaradılması müəyyən təmasların formalaşmasına imkan verdi. Lakin sonradan həmin proses dayandı. Mən hesab edirəm ki, siyasi dialoqa yeni nəfəs vermək, dövlət başçısı səviyyəsində siyasi partiyalar və QHT nümayəndələri ilə görüşlər keçirmək lazımdır. Bundan başqa, siyasi məhbus adlandırılan şəxslərlə bağlı məsələdə, xüsusilə son dövrlərdə həbs olunan media əməkdaşları barəsində əfv və ya amnistiya xarakterli addımların atılması siyasi münasibətlərin yumşalmasına ciddi töhfə verə bilər. Yeni Konstitusiyada siyasi partiyaların və çoxpartiyalı sistemin statusu ayrıca təsbit olunmalıdır. Hətta iqtidarın öz daxilində real siyasi rəqabət aparan bir neçə partiyanın mövcudluğu da mümkün həll yollarından biri ola bilər. Təhlükəsizlik, əlbəttə ki, prioritet məsələdir. Ancaq müasir siyasi mədəniyyətə malik cəmiyyət qurmaq da ordumuz, aviasiyamız, raket və pilotsuz uçuş aparatlarımız qədər vacibdir.
- Sonuncu sualım belədir: İslahat prosesləri yenidən gündəmə gələrsə, Pənah Hüseyn bu proseslərdə yer almağı düşünürmü? Hər hansı vəzifə təklifi gözləyirsinizmi? Belə bir təklif olarsa, qəbul edərsinizmi?
- Düşünürəm ki, bu gün müxtəlif dövlət vəzifələrini tutmaq üçün kifayət qədər kadrlarımız yetişib. Hesab edirəm ki, ayrı-ayrı vəzifələrdə Pənah Hüseyndən daha gənc, daha enerjili və daha müasir düşüncəyə malik insanlar təmsil oluna bilərlər.
Hazırladı: Ayhan Ağarzayev
16:30 20.11.2026
Oxunuş sayı: 103