Bakı prosesi diqqətlə izləməlidir: Ermənistan təxribata hazırlaşır?
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi davam etsə də, Ermənistanın sərhədboyu ərazilərdə hərbi-infrastruktur işlərini davam etdirməsi diqqət çəkən məqamlardandır. Sülh gündəliyinin irəli aparıldığı və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində danışıqların davam etdiyi bir şəraitdə bu addımlar regionda təhlükəsizlik və qarşılıqlı etimad məsələlərini yenidən gündəmə gətirir.
Xüsusilə 8 avqust Vaşinqton razılaşmalarından sonra Ermənistanın sərhədboyu hərbi-infrastruktur fəaliyyətini davam etdirməsi müəyyən suallar doğurur. Bu addımların Ermənistanın təhlükəsizlik siyasəti, sülh prosesinə yanaşması və Cənubi Qafqazda gələcək regional münasibətlər baxımından hansı məna daşıdığı müzakirə mövzusudur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın Azərbaycanla sərhəd boyu ərazilərdə hərbi infrastruktur qurması, əlbəttə ki, qəbulolunmazdır: “Ermənistan hazırda demokratik və siyasi proseslərdən keçsə də, görünən odur ki, regionda faktiki sülh şəraitinin formalaşmasına baxmayaraq, sərhəd istiqamətində bu cür addımlar atır. Artıq ötən günlərdə Tramp marşrutu üzrə işlərə başlanılması ilə bağlı prosesin irəliləməsi və ABŞ Prezidenti Donald Trampın bu münasibətlə müraciət ünvanlaması sülh gündəliyinin reallaşması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırkı mərhələdə tərəflər arasında yeni müharibə ehtimalı aşağıdır və sülh istiqamətində müəyyən irəliləyişlər mövcuddur. Təbii ki, Ermənistanın Azərbaycanla sərhəd boyu hərbi infrastruktur qurması ciddi narahatlıq doğuran məsələdir. Rəsmi Bakı ilə İrəvan arasında bu istiqamətdə təmaslar olmalı və məsələyə aydınlıq gətirilməlidir. Gələcək demarkasiya və delimitasiya prosesləri çərçivəsində sərhəd boyunca mövcud hərbi infrastruktur məsələsi də gündəmə gələcək. Əgər bu infrastruktur müəyyən edilmiş razılaşmalara və sərhəd rejiminə uyğun gəlməzsə, onun sökülməsi məsələsi də ortaya çıxa bilər”.
Politoloq qeyd edib ki, Ermənistanın bu addımları öz daxili siyasəti ilə əlaqələndirilə bilər: “Lakin söhbət birbaşa Azərbaycanla sərhəd istiqamətində həyata keçirilən hərbi quruculuqdan gedirsə, bu, Bakı tərəfindən diqqətlə izlənilməlidir. Hazırkı mərhələdə Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi təcavüz aktı həyata keçirəcəyini düşünmürəm. Çünki tərəflər arasında formalaşmaqda olan sülh gündəliyi və regional kommunikasiyaların açılması istiqamətində atılan addımlar yeni eskalasiyanın qarşısını alan mühüm amillərdir”.
Ayhan
17:00 24.11.2026
Oxunuş sayı: 34