Ərdoğan: Qafqazda sülh üçün çalışacağıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “A Haber” nəşri bu barədə məlumat yayıb.
Ərdoğan noyabrın 24-də Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinə göndərdiyi mesajda regionun Türkiyə üçün tarixi və strateji əhəmiyyətini vurğulayıb.
“Qafqazın tarixi bizim də tariximizdir. Əsrlər boyu bu coğrafiyanın həm ağrılarını, həm də sevinclərini bölüşmüşük”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan ortaq tarixi bağların gələcək nəsillər qarşısında mühüm məsuliyyət yaratdığını qeyd edərək, Qafqazın sülh və təhlükəsizlik şəraitində inkişaf edən regiona çevrilməsinin vacibliyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti bu məqsədə nail olmaq üçün regional əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “İpək Yolunun yenidən doğuluşu” mövzusuna həsr olunan Beynəlxalq Qafqaz Konqresində tarixi ticarət yollarının bərpası, Zəngəzur dəhlizinin iqtisadi imkanları və regionun nəqliyyat-logistika potensialı müzakirə olunur.
Konqresə Azərbaycan Prezidenti İlham Əliyev də mesaj göndərib.
17:35 24.11.2026
Oxunuş sayı: 42